Bank Of Baku

Azərbaycan ixracının 91%-i neftin payına düşür

Azərbaycan ixracının 91%-i neftin payına düşür
# 19 mart 2009 09:39 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanın bu ilin yanvar ayında xarici ölkələrə ixrac etdiyi malların 92,1%-ni mineral məhsullar, o cümlədən 91,4%-ni isə xam neft və neft emalı məhsulları təşkil edib. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Dövlət Komitəsindən bildirilib ki, fevralın 1-i vəziyyətinə neft və neft emalı məhsullarının ixracdakı xüsusi çəkisi son bir ildə 3,6 faiz bəndi artıb. Cari ilin ilk ayında «qara qızıl»ın ölkədən kənara satışından əldə olunan vəsaitlərin həcmi ötən ilin yanvar ayının sonuna olan müvafiq göstəricini 31,9% üstələyib. Neft və neft ixracının həcmi bu müddətdə 424,15 mln. ABŞ dollarından 559,52 mln. dollaradək yüksəlib. Xam neftin ixrac həcmi 3,32 dəfə artaraq ötən ilin yanvarındakı 590,4 min tondan cari ilin ilk ayında 1 960,1 min tona çatıb. Maraqlıdır ki, «qara qızıl»ın ixrac qiyməti DSK-nın məlumatlarına görə son bir ildə 2,52 dəfə enib.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 1 200,3 mln. dollar, o cümlədən ixrac 681,5 mln., idxal isə 518,8 mln. dollar təşkil edib. Nəticədə, 162,7 mln. dollarlıq müsbət saldo yaranıb. Ötən ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsinin ümumi həcmi 6,9%, o cümlədən idxal 4,5%, ixrac 8,9% artıb. Neft məhsullarının dünya bazarında ucuzlaşması Azərbaycanın xarici ticarət dövriyyəsinin həcminə mənfi təsir göstərməsə də, ixracın artım templərində kəskin sürətdə azalma müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR