Bank Of Baku

Səfir Per Stankina: «Almaniya Azərbaycan qazının Avropaya idxalında maraqlıdır»

Səfir Per Stankina: «Almaniya Azərbaycan qazının Avropaya idxalında maraqlıdır»
# 31 mart 2009 11:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniya hökuməti Azərbaycanın «Nabucco» qaz tranziti layihəsində iştirakında maraqlıdır. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Almaniya biznes-forumu çərçivəsində Almaniyanın Azərbaycandakı səfiri Per Stankina bildirib.
Səfirin sözlərinə görə, 2012-2013-cü illərdə Azərbaycanda neft hasilatının pik həddə çatacağı proqnozlaşdırılır. Buna baxmayaraq, hətta 2025-ci ildə ölkənin neft ehtiyatlarının tükənəcəyi gözlənilmir. Təbii qaz ehtiyatlarına gəldikdə isə P.Stankina qeyd edib ki, bu ehtiyatlar 100 ildən artıq müddətə kifayət edəcək: «Almaniya Azərbaycanın «Nabucco» layihəsində iştirakında, bu ölkənin hasil etdiyi qazın Avropaya idxal olunmasında maraqlıdır».
Qeyd edək ki, Azərbaycan tərəfi də qazın Qərbə idxal olunmasında maraqlıdır. Lakin bu regiona təbii qazın ucuz qiymətlərlə satmaq niyyətində deyil.
Xatırladaq ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.
İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR