Bank Of Baku

Azərbaycanda inşa olunan yod zavodu 4 aydan sonra istifadəyə veriləcək

Azərbaycanda inşa olunan yod zavodu 4 aydan sonra istifadəyə veriləcək
# 16 aprel 2009 14:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova, Vüqar İsrafilov – APA-Economics. «Azərsun» Şirkətlər Qrupunun Neftçala rayonunda inşa etdiyi yod-brom zavodunun dörd aydan sonra istifadəyə verilməsi nəzərdə tutulur. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə verdiyi açıqlamasında layihənin rəhbəri Osman Akgül bildirib.

Onun sözlərinə görə, «Azər-Yod» müəssisəsinin tikintisi ilə bağlı bütün məsələlər artıq həll olunub və zavod istifadəyə hazırlanır. «Dörd ay içində artıq məhsul istehsalını həyata keçirməyə planlaşdırırıq. Bu zamana kimi aparılan binanın inşası, texniki avadanlığın alınması artıq gerçəkləşib. Yəni, ən çətin işləri görmüşük və hazırda müasir standartlara uyğun texniki avadanlıqlar vasitəsilə məhsul istehsalatına hazırlaşırıq», - deyə O.Akgül vurğulayıb.

Qeyd edək ki, «Azər-Yod» MMC Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) yod istehsalının genişləndirilməsi üçün ötən il 15 mln. ABŞ dolları həcmində kredit cəlb edib. Əsasən kredit vəsaitləri hesabına inşa olunan və ümumi dəyəri 17 mln. dollar təşkil edən zavodun illik istehsal gücü ildə 500 ton təşkil edəcək, bu həcmin əksər hissəsinin isə ixrac olunması nəzərdə tutulur. Müəssisədə işçi heyətinin 500 nəfərə qədər artırılması planlaşdırılır.

Xatırladaq ki, Neftçalada yod istehsalına 1931-ci ildə başlanılıb, XX əsrin 70-ci illərində isə burada zavod inşa edilib. Lakin 1994-cü ildə müəssisə fəaliyyətini dayandırıb. Zavodun ərazisi 17 ha, 2 yodlu su yatağının ümumi sahəsi isə 18 ha təşkil edir. İndiyədək burada hər biri 2 200 metr dərinliyində 200 quyu qazılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR