Bank Of Baku

Moskvada «Xəzər enerjisi – dünya enerjisi» mövzusunda beynəlxalq enerji forumu keçirilir

Moskvada «Xəzər enerjisi – dünya enerjisi» mövzusunda beynəlxalq enerji forumu keçirilir
# 23 aprel 2009 14:42 (UTC +04:00)
Moskva. Roman Ağayev – APA. Xəzər regionu yüksək potensiala malik olsa da, digər tərəfdən bu bölgədə bir sıra problem mövcuddur. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu gün Moskvada başlayan «Xəzər enerjisi – dünya enerjisi» energetika forumunun açılış mərasimində bildirib.
Səfirin sözlərinə görə, Xəzər regionunda olan problemlər enerji resurslarının hasilatı və nəql edilməsi, ekologiya və təhlükəsizliklə bağlıdır: «Xəzər regionu ölkələri yüksək enerji potensialı ilə digər ölkələrdən fərqlənir. Bundan başqa, bizi həm mədəniyyət, adət və ənənə, tarix və əlbəttə ki, Xəzər dənizi birləşdirir. Bütün Xəzəryanı ölkələr arasında təkcə Azərbaycanın paytaxtı bilavasitə Xəzərin sahilində yerləşir».
P.Bülbüloğlu onu da bildirib ki, Azərbaycan yeganə ölkədir ki, həm Rusiya, həm də İranla quru sərhədi mövcuddur və məhz bunun sayəsində Azərbaycan hər iki ölkə ilə yüksək iqtisadi əməkdaşlıq imkanlarına malikdir. Səfir həmçinin qeyd edib ki, Xəzəryanı dövlətlərin nəzərdə tutulmuş layihə və proqramlarının uğurla həyata keçirilməsi ölkələr arasında daha sıx əməkdaşlıq yaradacaq.
Azərbaycanın iqtisadi potensialından danışan P.Bülbüloğlu vurğulayıb ki, son 5 il ərzində ölkənin iqtisadiyyatı 2,6 dəfə artıb, yoxsulluq səviyyəsi 49%-dən 13%-dək azalıb, cari ilin ilk rübündə isə Azərbaycanda istehsal olunan ÜDM-in həcmi 4,1% artıb.
Qeyd edək ki, forumda 24 ölkə və 4 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir. Tədbirdə Xəzər regionunun enerji potensialı, bioresursların qorunub saxlanması, yeni birgə innovasiya texnologiyalarının çoxtərəfli əməkdaşlıqda istifadə edilməsi və bir sıra digər məsələlər müzakirə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR