Bank Of Baku

Türkiyə etibarlı tərəfdaş imicini itirə bilər - ANALİTİKA

Türkiyə etibarlı tərəfdaş imicini itirə bilər - <font color=red>ANALİTİKA</font>
# 23 oktyabr 2009 12:37 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan öz təbii qazının Avropaya tranziti üzrə Türkiyənin təkliflərini qəbul edə bilməz və alternativ imkanlar axtarmağa məcburdur. Bunu Azərbaycan prezidenti İlham Əliyev 2009-cu ilin yanvar-sentyabr aylarında ölkənin sosial-iqtisadi inkişafına dair hökumətin geniş iclasında bəyan edib.

Türkiyə Azərbaycanın «Nabucco» qaz kəməri layihəsinə qoşulmasına müəyyən maneələr yaradır. Avropa İttifaqının bu layihənin reallaşması üçün çalışması və Azərbaycanı əsas qaz təchizatçılarından biri kimi görməsi fonunda Türkiyənin hərəkətləri qəribə görünür. Məlum olduğu kimi, Türkiyə uzun müddətdir Aİ-nin üzvü olmaq üçün uğursuz cəhdlər edir. Bu səbəbdən Avropanın enerji təhlükəsizliyinin təmin olunması layihəsində iştirak Türkiyəyə çox faydalı olar və onu dünyada etibarlı tərəfdaş kimi tanıdardı. Amma Türkiyə tərəfi başqa yolla getməyi üstün tutur. Türkiyə Azərbaycan qazını aşağı qiymətlə alıb Avropa bazarında dünya bazar qiymətlərinə satmaq istəyir ki, bu da, əlbəttə, Azərbaycan üçün sərfəli deyil.

Qeyd etmək lazımdır ki, Azərbaycan qazının Avropaya nəqlində əsas maneə Azərbaycan və Türkiyə hökumətləri arasında tranzit sazişinin olmamasıdır. Əgər hadisələr bu istiqamətdə davam edərsə, sazişin tezliklə bağlanacağını gözləməyə dəyməz. Bəllidir ki, Türkiyə indiyədək «Şahdəniz» yatağından çıxarılan qazı 120 dollar/1000 kubmetr qiyməti ilə alır. Azərbaycan qazının qiymətinin artırılmasına dair bir ildən artıqdır davam edən danışıqlar isə hələlik bir nəticə verməyib. Öz növbəsində Türkiyə Azərbaycan qazının 350 dollar/1000 kubmetrə satmaq niyyətindədir. Bu, Rusiya variantının bənzəridir – «Qazprom» Türkmənistandan qazı 145 dollar/1000 kubmetrə alıb, 400 dollara yaxın qiymətə satır.

«Biz son iki il ərzində diqqəti buna cəlb etməməyə və hər şeyi danışıqlar çərçivəsində həll etməyə çalışdıq. Amma bizim imkanlarımız tükəndi və bizə edilən təkliflər heç vaxt qəbul oluna bilməz», - deyə İ.Əliyev qeyd edib. «Biz alternativ imkanları öyrənməliyik. Bizim ətrafımızda enerji resurslarına ehtiyacı olan ölkələr var», - deyə prezident əlavə edib. Onun sözlərinə görə, bu gün Azərbaycan öz qazını Aİ ölkələrinə ixrac etməyə hazırdır: «Bunun üçün bizim resurslarımız və infrastrukturumuz da mövcuddur. Avropa ölkələri bizim qazımızı gözləyir. Bizim potensial tərəfdaşlarımız Yunanıstan, Rumıniya, İtaliya, Bolqarıstan, Macarıstan, Avstriya, Almaniya, İsveçrədir. Bu ölkələrin hamısı bizim qazımızı dünya qiymətlərinə almaq istəyir, biz isə öz qazımızı satmaq niyyətindəyik. Bu, hər iki tərəfə sərfəli layihədir».

«Təəssüf ki, biz iki ildir bunu edə bilmirik. Səbəb isə Türkiyə ilə qazın tranziti üzrə məsələlərin heç cür həll olunmamasıdır. Biz öz milli maraqlarımızdan çıxış edirik və bu maraqlar həm qiymət, həm də tariflər üzrə beynəlxalq təcrübəyə əsaslanır. Heç kimə sirr deyil ki, Azərbaycan uzun illərdir Türkiyəyə qazı dünya qiymətinin üçdə bir hissəsinə, 30 faizinə satır. Hansı ölkə öz təbii resurslarını, xüsusilə indiki şəraitdə dünya qiymətinin 30 faizinə satır və bundan razı qala bilər? Yəni bu, heç bir məntiqə sığmır», - deyə Azərbaycanın dövlət başçısı bildirib.

Qeyd etmək lazımdır ki, «Qazprom»la imzalanmış sazişə alternativlərdən biri kimi baxıla bilər. Belə ki, oktyabrın 14-də Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Bakıda Azərbaycan qazının alqı-satqısı üzrə uzunmüddətli müqavilə imzalayıb. «Azərbaycan təbii qazının alış-satışı üzrə Əsas Şərtlər haqqında» saziş isə 29 iyun 2009-cu ildə Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri zamanı imzalanıb.

İmzalanmış müqavilə uzunmüddətli xarakter daşıyır və yuxarı hədd məhdudlaşdırılmayıb. «Qazprom»un rəhbəri Aleksey Miller bəyan edib ki, onlar ARDNŞ-ə çox əlverişli şərtlər təklif edir: «Biz Azərbaycan qazını almaq üçün iqtisadi cəhətdən ən cəlbedici təkliflər irəli sürürük». Qazın qiyməti dünya bazarında mazut və neftin qiymətləri ilə sıx bağlı olan formul üzrə müəyyənləşəcək.

Beləliklə, gələcəkdə Azərbaycanda qaz hasilatının artması ilə şimala gedən «mavi yanacağın» həcmi də artırıla bilər. Konkret həcmlər barədə danışmaq hələ tezdir, amma Türkiyə ilə danışıqlarda razılıq əldə olunmazsa, Rusiyaya əlavə həcmdə qaz axınının istiqamət alması istisna edilmir.

Burada qeyd etmək lazımdır ki, «Qazprom» şirkəti «Şahdəniz» yatağının işlənməsinin ikinci fazası çərçivəsində də qaz almağa can atır. Rusiya tərəfi layihənin ikinci fazası çərçivəsində çıxarılan bütün qazı almaq niyyətini dəfələrlə bəyan edib.

«Şahdəniz» layihəsinin ikinci fazası çərçivəsində çıxarılacaq qaza «Nabucco» layihəsində iştirak edən şirkətlər də böyük ümidlə baxır. Ancaq Türkiyə tərəfi əvvəlki prinsiplərindən əl çəkməsə, Azərbaycan çətin ki, bu şərtləri qəbul etsin. Bu isə öz növbəsində «Nabucco» layihəsinin reallaşmasını zərbə altında qoya bilər. Hərçənd xarici şirkətlərin nümayəndələri dəfələrlə bəyan ediblər ki, Azərbaycan regionda layihənin reallaşması üçün zəruri həcmdə qaz verməyə qadir olan yeganə ölkədir. Əgər bu layihə reallaşdırılmasa, o zaman bunun səbəblərini burada deyil, Türkiyədə axtarmaq lazımdır.

Azərbaycan prezidentinin sözlərinə görə, bizim qaza tələbat artmaqda davam edir və bu qaçılmazdır: «Biz Avropa və dünya qaz bazarının imkanlarını yaxşı bilirik. Azərbaycan qazının rolu getdikcə artacaq, çünki ənənəvi qaz mənbələri tükənmək üzrədir. Azərbaycan isə öz qaz ehtiyatları ilə Avropa üçün əvəzolunmaz təchizatçı kimi çıxış etməyə başlayır».

Ölkə başçısı qeyd edib ki, Azərbaycan üçün bütün bazarlar cəlbedicidir, bir şərtlə ki, təkliflər dünya qiymətlərinə və tranzit üçün tarif dərəcələrinə uyğun olsun: «Biz istəyirik ki, qazımız dünya qiymətinə olmasa da, heç olmasa ona yaxın qiymətə alınsın. Rusiya qazının qiymətinə bərabər olmasa da, heç olmasa ondan bir 8-10% aşağı olsun, daha 50% yox. Hansı ölkə buna razılaşa bilər?»

ARDNŞ prezidenti Rövnəq Abdullayev isə bəyan edib ki, Azərbaycan öz qazının Türkiyə vasitəsilə ixracı üçün yeni təkliflər hazırlayır. Onun sözlərinə görə, bu təkliflərin müzakirəsi uğurla başa çatarsa, o zaman Azərbaycanın maye qazının Qara dəniz sahili ilə Avropaya ixracı üzrə təklifləri təkrar qiymətləndirilməsi keçiriləcək: «Azərbaycanın maye qazının Qara dəniz sahili ilə Avropaya ixracı üzrə bizə dəfələrlə təkliflər irəli sürülüb. Biz bu perspektiv istiqamətə baxmağa hazırıq və artıq bu işə başlamışıq. Bəzi Avropa ölkələri qazın Qara dəniz sahilində sıxılaraq Avropa ölkələrindən birinin kəmərinə vurulmasını təklif edir. Bu, dünyada tamamilə normal proses sayılır».

Kifayət qədər anlaşılmaz vəziyyət yaranıb. Bir tərəfdən Avropa qətiyyətlə Azərbaycan qazını almaq istəyir, digər tərəfdən bu layihədə iştirak etmək istəyən Türkiyə bunun üçün heç bir şərait yaratmır. Bəlkə də Türkiyə hansısa dividentlər əldə etmək istəyir, amma bu, Azərbaycanı getdikcə layihədən daha çox uzaqlaşdırır.

Azərbaycan böyük qaz ehtiyatlarına malikdir və Avropa bazarına çıxmaq istəyir. Yaxşı ki, Türkiyə yeganə variant deyil. Qazı Rusiyaya da satmaq olar, onu hara çatdırmağa isə özü qərar verəcək. Qara dəniz vasitəsilə Avropaya da çıxmaq mümkündür. Yaxud qazı İrana da ixrac etmək olar. İran qaz ehtiyatlarına görə dünyada ikinci yerdə olsa da, rəsmi Tehrana ölkənin şimal əyalətlərini Azərbaycan qazı ilə təmin etmək sərf edir, nəinki Fars körfəzindən qaz nəql etmək.

Vaxtın uzadılması «Şahdəniz» yatağının işlənməsinin ikinci fazasının reallaşmasını da ləngidir. Bu layihə üzrə qaz hasilatının minimum iki dəfə artaraq ildə 16 mlrd. kubmetrə çatdırılması proqnozlaşdırılır. Layihə üzrə investisiyalar 20 mlrd. dolları aşa bilər. Ancaq tranzit məsələlərinin həll olunmaması potensial alıcılarla müqavilələr bağlanılmasına imkan vermir. Heç bir şirkət isə öz pulunu boşuna xərcləmək istəməz.

Azərbaycan alternativ variant seçərsə, bundan ziyan çəkən yalnız Türkiyə olacaq. Şərqdən gələn bütün enerji tranzit yollarının keçdiyi ölkə olmaq ambisiyalarını ortaya qoyan Türkiyə öz imicinə düzəldilməsi mümkün olmayan zərbə vura bilər. Öz kürəyinə zərbə vurmaq özlüyündə çətin işdir, amma görünən budur ki, Türkiyə bu işi bacaracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR