Bank Of Baku

Azərbaycan yaxın bir ayda günəş enerjisindən istifadə etməklə binaların işıqlandırılması layihəsinin icrasını başa çatdıracaq

Azərbaycan yaxın bir ayda günəş enerjisindən istifadə etməklə binaların işıqlandırılması layihəsinin icrasını başa çatdıracaq
# 28 oktyabr 2009 13:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycan Sənaye və Energetika Nazirliyində (SEN) «Bakı şəhərində günəş enerjisindən istifadə etməklə binaların mərtəbələrarası keçidlərinin, dəhlizlərinin, giriş qapısı və həyətyanı sahələrin işıqlandırılması üzrə» pilot layihəsinin müzakirəsi keçirilib. Bu barədə «APA-Economics»ə SEN-dən məlumat verilib.

Pilot layihə SEN ilə Bakı şəhər İcra Hakimiyyətinin birgə sifarişi ilə «Total Energy» şirkəti tərəfindən hazırlanıb. Müzakirələrdə sənaye və energetika naziri Natiq Əliyev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Azərbaycan Milli Elmlər Akademiyası və «Bakıelektrikşəbəkə» ASC-nin rəhbər şəxsləri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, pilot layihə 2009-cu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı dövlət başçısının Nazirlər Kabinetinin iclasında çıxışı zamanı alternativ və bərpa olunan enerjidən istifadə üzrə verdiyi tapşırıqlara uyğun olaraq hazırlanıb. Layihənin həyata keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq yaşayış binası ayrılıb. Həmin binanın damında hər birinin gücü 0,1 kVt/saat olan 30 ədəd günəş batareyası quraşdırılacaq və ümumi güc 3 kVt/saat təşkil edəcək. Bu batareyalar -40 +50 dərəcə temperaturda fəaliyyət göstərmək imkanına malikdir.

Pilot layihəyə əsasən binaların mərtəbələrarası keçidlərinin, dəhlizlərinin, giriş qapısının işıqlandırılması insan hərəkətinə müvafiq olaraq tənzimlənəcək. Vətəndaş binaya daxil olarkən və mərtəbələri qalxarkən işıqlandırılma sistemi avtomatik olaraq işə düşəcək. Bu isə elektrik enerjisinin istifadəsində qənaətin təmin olunmasının ən optimal variantlarından biridir.

Toplantının sonunda layihənin icrasının sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Qərara alınıb ki, nəzərdə tutulan işlər tezliklə başa çatdırılsın və noyabrın sonuna yaxın Azərbaycanın tarixində ilk dəfə olaraq günəş enerjisindən istifadə etməklə binaların mərtəbələrarası keçidlərinin, dəhlizlərinin, giriş qapısı və həyətyanı sahələrin işıqlandırılması üzrə layihənin icrası tamamilə başa çatdırılsın.

Analoji layihənin Sumqayıt şəhərində də həyata keçirilməsi nəzərdə tutulub. Gələn il daha bir neçə layihənin həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanda günəşli saatların miqdarı 2400-3200 saat, il ərzində 1 kv. metr yer səthinə düşən günəş enerjisinin miqdarı 1500-2000 kVt/saat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR