Bank Of Baku

Avropa şirkətləri İranın «Nabucco»da iştirakı ilə bağlı qeyri-rəsmi danışıqlara başlayıb

Avropa şirkətləri İranın «Nabucco»da iştirakı ilə bağlı qeyri-rəsmi danışıqlara başlayıb
# 02 noyabr 2009 08:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Avropa şirkətləri İranın «Nabucco» qaz kəməri layihəsində iştirakı ilə bağlı rəsmi Tehranla qeyri-rəsmi danışıqlara başlayıb. «APA-Economics»in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə İran Beynəlxalq Qaz İxracı Şirkətinin baş direktoru Rza Kasaizadə bildirib.

«Nabucco» kəməri İran iştirakı olmadan əhəmiyyətli olmayacaq. Artıq bununla bağlı bəzi Avropa şirkətləri bizimlə qeyri-rəsmi görüş və müzakirələrə başlayıb», - deyən şirkət rəhbəri həmin şirkətlərin adlarını açıqlamayıb.

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR