Bank Of Baku

Qazla işləyən məişət avadanlıqlarının monitorinqinə başlanılıb

Qazla işləyən məişət avadanlıqlarının monitorinqinə başlanılıb
# 05 noyabr 2009 13:27 (UTC +04:00)
Bakı – APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi əhaliyə satılan qızdırıcı cihazlarla bağlı monitorinqlərə başlayıb. Məqsəd qanun və qərarların icrasını, vətəndaşların həyatı, sağlamlığı və əmlakının qorunmasını təmin etmək məqsədilə, keyfiyyəti və təhlükəsizliyi müvafiq sertifikatlarla təsdiq olunmayan malların satışının qarşısının alınmasıdır.

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, son illər qazla işləyən məişət avadanlıqlarının istifadəsi zamanı ölkədə baş vermiş bədbəxt hadisələrin təhlili göstərir ki, faciələrin əsas səbəblərindən biri də cihazların keyfiyyətsizliyi və istismar qaydalarına riayət edilməməsidir. Komitə tərəfindən aparılmış monitorinqlərin nəticələri bir daha sübut edir ki, əhaliyə realizə edilən bu malların əksər hissəsi müəyyən olunmuş təhlükəsizlik tələblərinə cavab vermir: “Satılan cihazların keyfiyyətini və təhlükəsizliyini təsdiq edən uyğunluq sertifikatları, istismar qaydalarını Azərbaycan dilində açıqlayan təlimatlar və texniki pasportlar, mənşə sertifikatları və digər zəruri sənədlər mövcud deyil. Komitə tərəfindən bütün hallarda təhlükə mənbəyi hesab edilən belə malların satışı qadağan edilib və ticarət şəbəkələrindən çıxarılıb. Lakin bunlara baxmayaraq, bütövlükdə pozuntuların qarşısını almaq mümkün olmayıb, mənşəyi, keyfiyyəti və təhlükəsizliyi müəyyən olunmayan məişət, qaz avadanlıqlarının satışı hələ də davam edir. Məsələnin əhəmiyyəti payız-qış mövsümündə daha da artaraq təsirli tədbirlərin görülməsini tələb edir”.

Məlumatda daha sonra bildirilir ki, hazırda Komitə tərəfindən Polşanın “Termet”, Çexiyanın “Moro-top”, Türkiyənin “Bayvak”, “Kuturami”, İtaliyanın “Roka” nişanlı avadanlıqlarına, İran İslam Respublikasının “Jahan Afrooz”, “Qaynar Xəzər” və “Şoreh-Tos” nişanlı qaz sobalarına uyğunluq sertifikatları verilib.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar məcburi sertifikasiyadan keçirilməli və uyğunluğunu təstiq edən sertifikat olmadıqda, belə malları (o cümlədən xarici malları) respublikada satmaq və istifadə etmək qadağandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR