Bank Of Baku

Bakıda «Almaniyadan ətraf mühitin təmizlənməsi texnologiyaları» mövzusunda biznes-forumu keçirilib

Bakıda «Almaniyadan ətraf mühitin təmizlənməsi texnologiyaları» mövzusunda biznes-forumu keçirilib
# 11 noyabr 2009 10:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Almaniya-Azərbaycan İqtisadi Birliyinin (DAWF) təşkilatçılığı ilə Bakıda «Almaniyadan ətraf mühitin təmizlənməsi texnologiyaları» mövzusunda biznes-forumu keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Ekologiya Nazirliyinin sektor müdiri Mütəllim Əbdülhəsənov qeyd edib ki, iki ölkə arasında ekologiya sahəsində müxtəlif layihələr həyata keçirilir və bir sıra alman şirkəti Azərbaycanda icra olunan layihələrdə iştirak edir: «Bu da öz növbəsində iki ölkə arasında mövcud əlaqələrin yaxşı səviyyədə olmasını göstərir».

M.Əbdülhəsənov onu da qeyd edib ki, Azərbaycanın regionlarında su ehtiyatları və çirklənmiş su problemləri yaşanır və hazırda bu problemləri aradan qaldırmaq üçün bir sıra tədbir həyata keçirilir, büdcə və beynəlxalq təşkilatların vəsaiti hesabına ekoloji layihələr icra olunur. Buna misal olaraq M.Əbdülhəsənov ötən müddət ərzində 12 rayonun 122 kəndində modul tipli su təmizləyici qurğuların istifadəyə verilməsini, Xəzər dənizinin təmizlənməsi üçün isə 16 stansiyanın quraşdırılmasını göstərib.

Tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfirinin müavini Peter Zielger bildirib ki, Azərbaycanda ətraf mühitin qorunması üçün ekoloji işlərin və su təmizləyici stansiyaların quraşdırılmasına ehtiyac var və Almaniya öz zəngin təcrübəsi ilə bu işləri həyata keçirə bilər.

Biznes-forumda çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ekologiya idarəsinin müdiri Azər Əliyev qeyd edib ki, 2010-cu il Azərbaycanda ekologiya ili elan olunub və məhz bu səbəbdən gələn il bu sahə çərçivəsində bir çox işlərin həyata keçirilməsi nəzərdə tutulub. Ölkədə çirklənmiş torpaqların təmizlənməsindən danışan ARDNŞ rəsmisi həmçinin bildirib ki, hazırda Dövlət Neft Şirkəti Bibiheybət mədəninin ərazisinin təmizlənməsi ilə məşğuldur ki, 205 hektarlıq ərazinin 35 hektarı artıq təmizlənib, təmizlənmiş ərazilərdə isə 42 min ağac əkilib: «Bu ayın 14-də isə sözügedən ərazidə ARDNŞ tərəfindən iməcilik keçiriləcək ki, həmin gün 5 min ağacın əkilməsi nəzərdə tutulub».

Tədbirdə çıxış edən Almaniyanın «BAMAG» şirkətinin su və çirkab suların təmizlənməsi sektorunun rəhbəri Tomas Vinkler qeyd edib ki, şirkət Azərbaycana bir sıra ekoloji avadanlıq təqdim edib: «Azərbaycanda ətraf mühitin qorunmasına və bu işdə yüksək səviyyəli texnologiyaların tətbiqinə böyük ehtiyac var ki, Almaniya bu işlərin təşkil olunmasında iştirak etməyə hazırdır».

Qeyd edək ki, tədbir zamanı həmçinin su emalı və ətraf mühitin mühafizəsi texnologiyaları haqqında məruzələr oxunub, bu sahənin ekspertlərinin fikirləri dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR