Bank Of Baku

Türkmənistana məxsus borudüzən gəmi quraşdırılmaq üçün Bakıya gətirilir

Türkmənistana məxsus borudüzən gəmi quraşdırılmaq üçün Bakıya gətirilir
# 12 noyabr 2009 13:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev APA-Economics. Sinqapurda dünyanın ən böyük gəmiqayırma şirkətlərindən olan «Keppel Offshore and Marine» tərəfindən Türkmənistan üçün inşa edilmiş gəmi Xəzər Dəniz Neft Donanmasının (XDND) üzən dokunda montaj olunacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda iki təyinatı yerinə yetirəcək bu dəniz nəhəngi borudüzən və kran gəmisi kimi nəzərdə tutulub. Gəminin kranının yük qaldırma qabiliyyəti 800 ton, uzunluğu 120 metr, eni isə 30 metr olan gəmini tam hazır, yığılmış vəziyyətdə sifarişçiyə təqdim etmək qeyri-mümkün olduğu üçün onu 2 hissəyə ayıraraq, ayrı-ayrılıqda Bakıya gətirmək və burada yığmaq qərarı verilib. Gəminin çəkisi 5500 ton olan birinci hissəsi Azov dənizindəki Mariupol limanına kimi gətirilib, Rusiya gəmiçiliyinə məxsus gəmilərlə Volqa-Don kanalı vasitəsi ilə Həştərxana nəql edilib, oradan isə ARDNŞ-ın XDND-nın 7200 at gücünə malik «Vadim Seyidov» yedək gəmisi vasitəsi ilə Bakıya çatdırılıb.

Hazırda gəminin bu hissəsi «Keppel» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Caspian Shipyard Company»yə məxsus quraşdırma meydançasındadır. Gəminin ikinci hissəsi də yoldadır və yaxın günlərdə Bakıya gətiriləcək. Xatırladaq ki, bu yaxınlarda «Caspian Shipyard Company»nin quraşdırma meydançasında «LUKoil»un sifarişinə əsasən 28 min ton tutuma malik nadir üzən neft anbarının da yığılması prosesi uğurla həyata keçirilib. Sinqapurda inşa edilmiş həmin üzən qurğu hazırda Rusiyaya məxsus «Yuri Korçagin» yatağında fəaliyyət göstərir.

Qeyd edək ki, Bakı artıq nəhəng gəmilərin quraşdırıldığı liman şəhərinə çevrilib. Burada ARDNŞ-ın XDND-nın Gəmi Təmiri Zavodunda böyük gəmilər yığılır, montaj-quraşdırma işləri həyata keçirilir. Zavodun yükgötürmə gücü 15 min tonluq üzən dokunda unikal əməliyyatların yerinə yetirilməsi üçün hər cür şərait vardır. Türkmənistana məxsus 800 tonluq gəminin hissələri də məhz burada birləşdiriləcək, həmçinin gəminin göyərtəsində vertolyot meydançası, yaşayış kompleksi, avtonom enerji təchizatı, lövbər sistemləri və digər vacib qurğular quraşdırılacaq. Müqaviləyə əsasən bütün bu işlər üç ay müddətində başa çatdırılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR