Bank Of Baku

ABŞ-ın «Devon Energy» şirkəti «Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi layihəsindəki payını satmaq niyyətindədir

ABŞ-ın «Devon Energy» şirkəti «Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi layihəsindəki payını satmaq niyyətindədir
# 24 noyabr 2009 08:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlarının işlənməsi layihəsinin səhmdarlarından biri olan ABŞ-ın «Devon Energy» şirkəti bu layihədəki payını satmaq niyyətindədir.

«Devon Energy»nin Azərbaycandakı nümayəndəsi olan «Devon Energy Caspian Corporation» (DECC) şirkətinin baş meneceri Asim Əlikişibəyovun «APA-Economics»ə verdiyi məlumata görə, «Devon Energy» özünün Azərbaycan, Braziliya, Meksika, Rusiya və Çindəki mövcud offşor layihələrində bütün paylarını satmaq niyyətindədir: “Bu da əsasən şirkətin siyasətinin dəyişdirilməsi ilə əlaqədardır. Belə ki, «Devon Energy» şirkəti indi offşor layihələrindən imtina edərək, onşor layihələrinə üstünlük verir. Offşor layihələrində payların satışından əldə olunan vəsaitlər isə onşor yataqlarının işlənməsinə yönəldiləcək”.

DECC rəsmisi onu da qeyd edib ki, hazırda «Devon Energy» yalnız ABŞ və Kanadada olan bütün layihələrində paylarını saxlayır. Bəzi məlumatlara əsasən, «Devon Energy» AÇG-dakı payını artıq 2010-cu ilin I rübündə satışa çıxaracaq.

Xatırladaq ki, 900 mln. tondan artıq neft ehiyyatı olan AÇG yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «StatoilHydro» (8,6%), «ExxonMobil» (8%), TPAO (5,6%), «Devon Energy» (5,6%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.

Cari ilin üçüncü rübü üzrə hesabata əsasən, «Devon Energy» şirkətinin məcmu xalis mənfəəti 499 mln. dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq dövrü ərzində bu göstərici 2,6 mlrd. dollara bərabər olub. Ümumilikdə hesabat dövründə şirkət neft, qaz və maye qazın məcmu istehsalı 6% artaraq neft ekvivalentində 61,9 mln. barel təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR