Bank Of Baku

Xəzərdəki «Dərinsulu Günəşli» platformasında daha bir quyu üçün sistem istismara veriləcək

Xəzərdəki «Dərinsulu Günəşli» platformasında daha bir quyu üçün sistem istismara veriləcək
# 17 may 2010 07:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin III rübü ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunun işlənməsi layihəsinin operatoru olan «BP-Azerbaijan» şirkəti «Dərinsulu Günəşli» platformasında daha bir quyu üçün lazım olan sistemləri quraşdırıb istismara verəcək.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin I rübü ərzində AÇG üzrə tikinti fəaliyyəti qrafikə uyğun olaraq davam edib. Həmin müddətdə «Dərinsulu Günəşli» platformasının şərq manifoldunda yerləşən bir suvurma quyusu istismara verilib: «Daha bir quyu üçün lazım olan sistemlərin quraşdırılması və istismara verilməsi bu ilin III rübünə planlaşdırılır. Bundan əlavə, III rübdə cənub manifoldunda da bir quyu quraşdırılıb istismara veriləcək. Ümumilikdə, bu sistemlər bizə sözügedən platformadan 3,2 km və 5,2 km arasında bir məsafədə yerləşən 3 sualtı qazma mərkəzindən qazılan 13 sualtı quyu vasitəsilə «Dərinsulu Günəşli» kollektoruna gündə təqribən 400 min barel su vurmağa imkan verəcək».

Şirkətdən həmçinin bildirilib ki, bu sualtı qurğuların işlənməsi Xəzər dənizində ilk mühüm sualtı işlənmələrdir və gələcəkdə Xəzərdə AÇG, «Şahdəniz» və digər yataqlarda sualtı işlənmələr üçün yol açır.

Qeyd edək ki, AÇG yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR