Bank Of Baku

Azərbaycanın sənaye və energetika naziri OPEC-in toplantısında iştirak edir

Azərbaycanın sənaye və energetika naziri OPEC-in toplantısında iştirak edir
# 18 oktyabr 2010 07:33 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Neft İxracatçıları Ölkələri Təşkilatının (OPEC) təsis edilməsinin 50 illiyinə həsr olunmuş Beynəlxalq Energetika Forumunda iştirak etmək məqsədilə Ər-Riyad şəhərinə (Səudiyyə Ərəbistanı) gedib.

Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, səfər Səudiyyə Ərəbistanı Krallığının neft və mineral ehtiyatlar naziri Əli İ.Əl-Nəiminin rəsmi dəvəti ilə həyata keçirilir.

Bu gün başlayacaq tədbirdə OPEC-ə üzv ölkələrin neft və qaz sektoru üzrə nazirləri, dövlət qurumları, şirkət rəhbərləri və nümaynədələrinin iştirak edəcəyi nəzərdə tutulub. Forumun açılış mərasimində isə Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləziz əl Səud və Səudiyyə Ərəbistanı Krallığının baş nazirinin ikinci müavini, daxili işlər naziri şahzadə Naif bin Əbdüləziz əl Səud iştirak edəcək.

Forumda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev çıxış edərək yubiley münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubunu Forum iştirakçılarına və Səudiyyə Ərəbistanı kralına çatdıracaq.

Toplantı çərçivəsində N.Əliyevin bir sıra ikitərəfli görüşlərin, o cümlədən Səudiyyə Ərəbistanının neft və mineral ehtiyatlar naziri, «ARAMCO» Dövlət Neft Şirkətinin müdiri və digər rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub. Səfər zamanı nazir Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin təşkil etdiyi «Azərbaycan və İslam Konfransı Təşkilatı: nailiyyətlər və perspektivlər» adlı təqdimatında da iştirak edəcək.

Qeyd edək ki, azərbaycanlı nazir bundan əvvəl OPEC-in 2008-ci ilin dekabrında Əlcəzairdə, 2009-cu ilin martında isə Avstriyada keçirilən iclaslarında iştirak edib. Azərbaycan OPEC-in toplantılarına müşahidəçi statusunda qatılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR