Bank Of Baku

2010-cu ilin 9 ayı ərzində 13,8 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib

2010-cu ilin 9 ayı ərzində 13,8 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib
# 21 oktyabr 2010 04:50 (UTC +04:00)
Bakı-APA. Son illər ərzində elektrik enerjisi sistemində bir sıra vacib və əhəmiyyətli layihələr həyata keçirilib. Həyata keçirilən bu layihələr nəticəsində generasiya güclərimiz qısa müddət ərzində 1500 MVt artıb. Bu fikirlər prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında çıxış edən “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevə məxsusudur.

“Qeyd etmək lazımdır ki, 2006-cı ilə qədər Azərbaycan ildə 1,2-1,5 milyard kilovatsaat elektrik enerjisi idxal etmək məcburiyyətində idi. Bu problemi aradan qaldırmaq və ölkəni elektrik enerjisi ilə tam şəkildə təmin etmək üçün qısa bir müddətdə respublikanın müxtəlif bölgələrində - Astara, Şəki, Xaçmaz, Bakı, Səngəçal, Naxçıvan, Qubada yeni elektrik stansiyaları istismara verilib. Bununla da, ölkənin elektrik enerjisi idxalından asılılığı aradan qaldırılıb. Eyni zamanda bölgələrdə qeyri-neft sahəsinin, sənaye və infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradılıb. 2005-ci il avqustun 12-də Sumqayıtda 525 MVt gücündə yeni elektrik stansiyasının təməli qoyulub və 2009-cu il noyabrın 19-da bu stansiya istifadəyə verilib. Həyata keçirilən bu layihələr nəticəsində generasiya güclərimiz qısa müddət ərzində 1500 MVt artıb. Beləliklə, 2007-ci ilə qədər elektrik enerjisi və təbii qaz idxal edən Azərbaycan, təbii qaz və elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. Hətta blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası qonşu ölkələrə elektrik enerjisi ixrac edir. 2007-ci ildə Azərbaycan İstilik Elektrik Stansiyasında yenidənqurma işləri başlanıb. 2011-ci ildə bu işlər başa çatdırılandan sonra stansiyanın gücü 2000 MVt-dan 2600 MVt-a yüksələcək. Stansiyanın səmərəliliyinin artması nəticəsində ildə 500 min ton yanacağa qənaət ediləcək. Vurğulamaq istərdim ki, ulu öndərimizin yaratdığı sənaye nəhəngi olan bu stansiya yenidənqurma işləri başa çatdıqdan sonra da ölkəmizə uzun müddət xidmət edəcək”, deyə E.Pirverdiyev bildirib.

Onun sözlərinə görə, generasiya sahəsində ən vacib layihələrdən biri də inşa edilən gücü 780 MVt olan Şirvan şəhərində tikilən Cənub Elektrik Stansiyasıdır: “Bu stansiya elektrik enerjisi sistemində mühüm rol oynayacaq. Stansiyada Azərbaycanda və regionda ilk dəfə olaraq, 4 qaz turbini və 2 buxar turbini olmaqla 3 növ yanacaqdan, - qaz, mazut və dizeldən istifadə etmək mümkün olacaq. Məlum olduğu kimi, 50 il əvvəl tikilən köhnə elektrik stansiyasını hazırda maksimum 500 MVt güc ilə işlətmək mümkündür. Burada 1 kilovatsaat elektrik enerjisinə sərf olunan yanacağın miqdarı isə 450 qramdan artıqdır. Cənub Elektrik Stansiyası istifadəyə verildikdən sonra 1 kilovatsaata sərf olunan şərti yanacağın miqdarı 250 qram təşkil edəcək və ildə 700 min ton yanacağa qənaət ediləcək”.

E.Pirverdiyev həmçinin yaxın zamanlarda gücü 400 MVt olan Tovuz Su Elektrik Stansiyasının tikintisinə başlanacağını bildirib. “Bu çox böyük və mühüm layihədir. Qeyd edək ki, bu su anbarının layihə üzrə tutumu 2 milyard kubmetrdir. Bu tipdə stansiyaların elektrik enerjisi sisteminin tezliyinin tənzimlənməsində və dayanıqlılığının artırılmasında rolu əvəzolunmazdır. Eyni zamanda, Tovuz Su Elektrik Stansiyasının tikintisi su resurslarından daha səmərəli və daha çevik istifadə olunmasına imkan yaradacaq. Cari ilin sonuna qədər gücü 400 MVt olan “Şimal-2” Buxar-Qaz Elektrik Stansiyasının tikintisinin başlanması planlaşdırılır. Layihə çərçivəsində “Şimal-1” və “Şimal-2” elektrik stansiyaları üçün yeni soyutma sisteminin, 220 və 110 kilovoltluq yarımstansiyaların, dəniz suyunun duzsuzlaşdırılması sisteminin qurulması nəzərdə tutulur. 2010-cu il Azərbaycanda “Ekologiya İli” elan edilib. Sumqayıtda istifadəyə verilmiş yeni elektrik stansiyası Təmiz İnkişaf Mexanizmi prinsipi ilə istismar olunur və cari ilin oktyabrın 15-də Birləşmiş Millətlər Təşkilatı tərəfindən respublika üzrə ilk dəfə olaraq qeydiyyata alınıb. Beynəlxalq ekspertlərin rəyinə görə, təkcə bu layihənin icrası nəticəsində karbon qazının atmosferə tullantısı ildə 1,5 milyon ton azalıb. Tərəfimizdən respublikanın su və külək potensialını qiymətləndirən proqram hazırlanıb. Su resurslarının araşdırılması göstərib ki, respublikanın müxtəlif bölgələrində dağ çayları və kanallar üzərində ümumi gücü 600 MVt olan 300-ə yaxın kiçik su elektrik stansiyasının tikintisi iqtisadi cəhətdən səmərəlidir. Bu il Göyçay, Balakən və Qusar rayonlarında 3 kiçik su elektrik stansiyasının təməli qoyulub, 7 stansiyanın layihəsi isə icra olunmaq üçün hazırdır. İlk belə su elektrik stansiyalarından olan Biləv Su Elektrik Stansiyası Naxçıvan Muxtar Respublikasında bu ilin oktyabr ayında işə salınıb. Gücü 25 MVt olan Füzuli Su Elektrik Stansiyasının tikintisi 2011-ci ilin ortalarında başa çatdırılacaq.
Qeyd etmək istərdim ki, kiçik su elektrik stansiyalarının tikintisinin sürətlə davam etməsinə daxili imkanlar da səfərbər olunub. Respublikada kiçik su elektrik stansiyalarının tikintisində tətbiq olunacaq zəruri avadanlığın, o cümlədən hidroturbinlərin ölkə daxilində istehsalına yaxın vaxtlarda başlanacaq. Bu isə kiçik su elektrik stansiyalarının tezliklə tikilib istifadəyə verilməsinə zəmin yaradacaq. Müxtəlif bölgələrdə reallaşdırılmaqda olan kiçik su elektrik stansiyalarının tikintisi həm yanacağa qənaət edilməsində, həm də ətraf mühitin qorunmasında müstəsna rol oynayacaq. Qeyd etmək lazımdır ki, bir çox layihələr Kioto protokoluna uyğun olaraq Təmiz İnkişaf Mexanizmi prinsipi ilə tikilir, bu isə atmosferə karbon qazının tullantısını əhəmiyyətli dərəcədə aşağı salacaq”.

E.Pirverdiyev bəyan edib ki, generasiya sahəsində görülən işlər nəticəsində Azərbaycan nəinki öz enerji tələbatını tam təmin edib, hətta güclü ixrac potensialı yaradıb. “Əldə olunmuş ixrac potensialını reallaşdırmaq üçün Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi layihəsinin icrasına başlanıb. Layihə çərçivəsində bu ilin sonuna qədər Azərbaycanla Gürcüstanı birləşdirən 500 kilovoltluq xəttin Mingəçevir-Samux hissəsi, gələn ilin sonuna qədər isə Gürcüstan sərhədinə qədər hissəsi tam hazır olacaqdır. 2012-ci ildə isə Azərbaycan-Gürcüstan-Türkiyə dəhlizindən elektrik enerjisinin ixracı üçün texniki imkan yaranacaq. Generasiya ilə yanaşı, yarımstansiyaların və yüksək gərginlikli elektrik verilişi xətlərinin tikintisi və paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması sahəsində də işlər aparılır. Bu sahədə görüləcək işlər hələ olduqca çoxdur. Cari ilin sonuna kimi 500 kV-luq “Samux” yarımstansiyasının və Gəncə şəhərində 2 ədəd 330 kV-luq yarımstansiyanın tikintisinin başa çatdırılması nəzərdə tutulub. Hazırda Mingəçevirdən Abşerona qədər uzunluğu 280 kilometr olan iki dövrəli 220 kilovoltluq elektrik verilişi xətləri və Ağdaşda yeni 220 kilovoltluq yarımstansiya tikilməkdədir.
Uzunluğu 180 kilometr olan 340 kilovoltluq Goranboy-İmişli xəttinin tikintisi isə ikinci Cənub enerji dairəsinin yaranmasında mühüm rol oynayacaq.
Digər mühüm layihələrdən biri isə uzunluğu 100 kilometr olan, 220 kilovoltluq Sumqayıt-Zabrat-Şimal Elektrik Stansiyası- Hövsan xəttinin tikintisidir. 0,4-35 kilovoltluq şəbəkələr bir neçə bölgədə yenidən qurulmuşdur, 20-yə yaxın rayonda isə ilkin ödənişli smart-kart tipli sayğaclar quraşdırılmışdır. Bu işlər bir tərəfdən itkilərin əhəmiyyətli dərəcədə azalmasına, digər tərəfdən yığım səviyyəsinin artmasına imkan verir. Növbəti 3-4 ildə bütün paylayıcı şəbəkələrdə də bu işin başa çatdırılması nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, bu ilin sonunadək elektrik enerjisi sisteminin idarə olunması sahəsində çox vacib layihə başa çatdırılmaqdadır. Bu, dispetçer mərkəzində MDB məkanında analoqu olmayan SCADA sisteminin tətbiqidir. Layihə çərçivəsində dispetçer mərkəzi və bütün sistemtəşkiledici yarımstansiyalar, elektrik stansiyaları arasında 1200 kilometr uzunluğunda fibroptik kabelin çəkilməsi idarəetmə məlumatlarının təhlükəsizliyini təmin edəcəkdir. Rəqəmsal ötürmənin təmin edilməsi nəticəsində idarəetmənin səviyyəsi əhəmiyyətli dərəcədə yüksələcək. Layihə çərçivəsində Abşeron ərazisində dispetçer mərkəzinin ehtiyat idarəetmə məntəqəsi də yaradılıb”, deyə o vurğulayıb.

“Azərenerji” ASC-nin prezidenti 2010-cu ilin 9 ayı ərzində 13,8 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edildiyini diqqətə çatdırıb. “Elektrik enerjisi sistemində iqtisadi səmərəliliyin əsas göstəricilərindən sayılan hər kilovatsaat elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın miqdarı ötən ilin müvafiq dövrünə nisbətən 17 qram azalaraq 318 qram olub. 2009-cu illə müqayisədə mazut ekvivalentində təqribən 140 min ton yanacağa qənaət edilib”, deyə E.Pirverdiyev qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR