Bank Of Baku

Bu il Bakı-Ceyhan kəməri ilə 214 mln. barel neft daşınıb

Bu il Bakı-Ceyhan kəməri ilə 214 mln. barel neft daşınıb
# 30 noyabr 2010 11:09 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Bakı-Tiflis-Ceyhan Əsas İxrac Boru Kəməri (ƏİBK) vasitəsilə təqribən 28,6 mln. ton və ya 213,5 mln. barel neft ixrac olunub. Kəmərin operatoru olan «BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, 2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhanda yüklənməsindən 2010-cu il noyabr ayının sonunadək BTC vasitəsilə təxminən 142,4 mln. ton (təxminən 1 063 mln. barel) xam neft nəql edilib. İndiyədək BTC ilə nəql edilmiş neft Ceyhan limanındada 1354 tankerə vurularaq dünya bazarlarına çıxarılıb.

Bu ilin ilk üç rübündə BTC üzrə əsaslı xərclərə 20,1 mln. dollar xərclənib. Nəticədə, kəmərin gündəlik ötürmə gücü hazırda 1,2 mln. bareldir. BTC ilə ən yüksək gündəlik neft nəqli göstəricisi bu il iyulun 21-də qeydə alınıb - 1,057 mln. barel. «BP-Azerbaijan» şirkətinin prezidenti Rəşid Cavanşirin «APA-Economics»ə verdiyi məlumata görə, bu onu göstərir ki, lazım olarsa, kəmər əlavə neft həcmlərini də nəql edə bilər.

Hazırda BTC ilə Azərbaycandan «Azəri-Çıraq-Günəşli» yataqlarından çıxarılan neft və «Şahdəniz» yatağından hasil edilən kondensat daşınır. İyul ayında yeni nəql sazişi imzalandıqdan sonra BTC vasitəsilə Türkmənistan neftini də nəqlinə başlanıb. Kəmərlə nəql olunan Türkmənistan neftinin həcmi gündə 40-50 min barel təşkil edir. BTC-nin Qazaxıstandakı «Tengiz» yatağından neft həcmlərini daşımağa başlayacağı da istisna edilmir.

Qeyd edək ki, «BTC Co.»nun səhmdarları BP (30,10%), AzBTC (25,00%), «Chevron» (8,90%), «Statoil» (8,71%), TPAO (6,53%), «Eni» (5,00%), «Total» (5,00%), «Itochu» (3,40%), «Inpex» (2,50%), «ConocoPhillips» (2,50%) və «Hess» (2,36%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR