Bank Of Baku

Bu il «Şahdəniz»dən 7,6 mlrd. kubmetr qaz çıxarılacaq

Bu il «Şahdəniz»dən 7,6 mlrd. kubmetr qaz çıxarılacaq
# 30 noyabr 2010 11:18 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Cari ilin yanvar-oktyabr aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» yatağından 5,3 mlrd. kubmetrdən artıq qaz və 1,4 mln. ton (təqribən 11,5 mln. barel) kondensat hasil edilib. Layihənin operatoru olan «BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, orta hesabla yataqdan gündə 29 mln. kubmetr qaz və 41,9 min barel kondensat çıxarılıb. Ümumilikdə, ilin sonunadək «Şahdəniz»dən 7,6 mlrd. kubmetr qaz və 2,01 mln. ton (təqribən 16 mln. barel) kondensat hasil edilməsi planlaşdırılır.

Ümumilikdə, 2006-ci ilin sonunda «Şahdəniz»də hasilat başlanandan 2010-cu il üçüncü rübünün sonunadək yataqdan dünya bazarlarına təqribən 46 mln. barel (təqribən 5,8 mln. ton) kondensat ixrac edilib.

Növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca hasilat tədricən artacaq. «Şahdəniz» yatağının işlənməsi üzrə birinci mərhələ çərçivəsində hasilatın ən yüksək sabit səviyyəsinin ildə 8,6 mlrd. kubmetr qaz və gündə təxminən 45 min barel kondensat olacağı gözlənilir.

Bu ilin ilk üç rübü ərzində «Şahdəniz» layihəsi üzrə əməliyyat xərcləri 121 mln. dollar, əsaslı xərclər 251,1 mln. dollar təşkil edib. Bütün il ərzində «Şahdəniz» üzrə əməliyyat xərclərinin 177,8 mln. dollara, əsaslı xərclərin 604,8 mln. dollara çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, «Şahdəniz» layihəsində BP (operator – 25,5%), «Statoil» (25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NIKO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR