Bank Of Baku

Azərbaycan dünyanın ən iri qaz layihələrindən birinin icrasına başlayır

Azərbaycan dünyanın ən iri qaz layihələrindən birinin icrasına başlayır
# 30 noyabr 2010 12:56 (UTC +04:00)
Layihənin operatoru olan «BP-Azerbaijan» şirkətinin prezidenti Rəşid Cavanşir bildirib ki, reallaşmasına təqribən 20 mlrd. ABŞ dolları xərclənəcək layihə əlavə 16 mlrd. kubmetr qazın hasil edilib yeni dəhlizlə Avropanın qaz bazarlarına çıxarılmasını nəzərdə tutur.

«APA-Economics»in məlumatına görə, «Şahdənizin» tammiqyaslı işlənməsi layihəsi çərçivəsində müxtəlif işlərin aparılması nəzərdə tutulur. Belə ki, layihəyə əsasən, dənizdə illik emal gücü 16 mlrd. kubmetr qaz olan və körpü ilə birləşdirilmiş iki yeni platforma qurulacaq, 2 yarımdalma qazma qurğusundan 30-dək sualtı quyu qazılacaq, suyun 550 metrədək dərinliyində 500 km uzunluğunda sualtı boru kəməri şəbəkəsi yaradılacaq.

Hazırda yataqda qiyimətləndirmə quyusu qazılır. «İstiqlal» qurğusu vasitəsilə aparılan qazma işləri bu ilin iyul ayında başlayıb və 2011-ci ildə başa çatacaq. Qiymətləndirmə quyusunun dərinliyi 6272 metr olmalıdır. Bu layihə çərçivəsində ilk qazın 2017-ci ildə əldə ediləcəyi gözlənilir.

Çıxarılan qazın hasil edilməsi üçün Səngəçaldan başlayaraq Gürcüstan-Türkiyə sərhədinədək uzanan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) illik buraxılış gücü 3 dəfə artırılaraq 24 mlrd. kubmetrə çatdırılacaq. Bunun üçün Səngəçal terminalı genişləndiriləcək, Azərbaycanda indiki qaz kəməri ilə paralel olaraq 400 km uzunluğunda yeni xətt çəkiləcək, Gürcüstanda isə iki yeni kompressor stansiyası tikiləcək. Artıq CQBK-nin genişləndirilməsi məqsədi ilə mühəndis-layihə işlərinə başlanıb və bu işlər ilin sonunadək davam edəcək.

Yeri gəlmişkən, R.Cavanşir bildirib ki, Azərbaycan tərəfində yeni kəmərin çəkilməsi burada relyefin düz olması ilə bağlıdır: «Buna görə də Azərbaycanda paralel kəmər çəkmək o qədər də çətin deyil. Gürcüstanda isə relyef dağlıq olduğundan burada əlavə iki böyük kompressor stansiyasının tikintisi daha məqsədəuyğundur».

Türkiyə sərhədinədək gətirilən qazın oradan Türkiyə və Avropa bazarlarına çatdırılması üçün layihəyə əlavə yeni boru kəməri infrastrukturu lazım gələcək. Avropaya qaz təchizatı üçün Türkiyə ilə birlikdə yeni bir Cənub dəhlizi yaradacaq kəmərin marşrutunun müəyyənləşdirilməsi üçün hazırda müzakirələr davam edir. Bu danışıqlara «Şahdəniz» tərəfdaşlığının iştirakı ilə Azərbaycan hökuməti/ARDNŞ rəhbərlik edir. Danışıqlarda müxtəlif məsələlər, o cümlədən qazın Türkiyə ərazisi ilə nəqli tarifləri müzakirə olunur.

Paralel olaraq avropalı alıcılarla çıxarılacaq qazın alınması üçün də danışıqlar aparılır. Danışıqların «çox mürəkkəb və irimiqyaslı» olduğunu deyən R.Cavanşirin sözlərinə görə, burada çıxarılacaq qazın alıcıları, həcmi, qiyməti və s. aspektlər müzakirə edilir: «Danıhıqlar gələn ilin I rübün sonunadək davam edəcək, hər şey də bundan asılıdır. Bunu başa çatdıra bilsək, onun əsasında layihə işləri davam etdiriləcək və 2017-ci ildə ilk qaz çıxarılacaq. Hər şey bu danışıqlardan asılıdır».

Yeri gəlmişkən, Azərbaycan tərəfi «Şahdəniz»in Tammiqyaslı İşlənməsi Layihəsi çərçivəsində qazın satışı barədə danışıqlar aparmaq üçün artıq Avropanın bir sıra ölkələrinə müraciət edib. İndiyədək 20-dən artıq ölkə və iri şirkət Azərbaycan tərəfinə müraciət edərək «Şahdəniz» qazının alınması ilə bağlı danışıqlar aparmağı təklif edib. R.Cavanşirin sözlərinə görə, sıxılmış qazın son illər sürətlə populyarlaşması Azərbaycan qazının Avropaya satışı ilə bağlı danışıqlara təsir etməyib: «Bunun böyük təsirini hiss etmirik, çükni bizim qaza maraq böyükdür. Hələ danışıqlar gedir və hələlik onun nəticələri barədə danışmaq tezdir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR