Bank Of Baku

Sabah Azərbaycanın sənaye və energetika nazirinin Misirə səfəri başlayır

Sabah Azərbaycanın sənaye və energetika nazirinin Misirə səfəri başlayır
# 13 dekabr 2010 10:15 (UTC +04:00)
Bakı - APA-Economics. Sabah Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin Misir Ərəb Respublikasına səfəri başlayacaq.

Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, səfər Misirin neft naziri Samih Fəhminin dəvəti ilə gerçəkləşir və səfər dekabrın 18-dək davam edəcək.

Nümayəndə heyətinə Azərbaycan Dövlət Neft Akademiyasının rektoru akademik Siyavuş Qarayev, Dövlət Neft Şirkətinin rəsmiləri və digər şəxslər daxildir.

Xatırladaq ki, bu ilin iyulun 7-də Azərbaycanda səfərdə olan Misirin neft naziri cənab Samih Fəhminin keçirdiyi görüşlərdə bir sıra təkliflər irəli sürülüb, xüsusilə neft-qaz yataqlarının kəşfiyyatı, hasilatı və emalı sahəsində əlaqələrin perspektivləri, Azərbaycan Dövlət Neft Akademiyası ilə Qahirə Universiteti arasında əməkdaşlıq, Dövlət Neft Akademiyasının Misirdə filialının açılması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Natiq Əliyevin Misirə səfəri zamanı bu sahələrdə əməkdaşlığın başlanması üçün konkret razılaşmaların əldə olunması istiqamətində müzakirələr aparılacaq. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Misirin sənaye müəssisələri ilə tanışlığı nəzərdə tutulub. Bu məqsədlə Misirin SUMED şirkəti, MİDOR neftayırma zavodu və Əl-Əmriyə neftayırma zavodunda, eləcə də Misir prezidenti Hüsnü Mübarək və Misirin baş naziri Əhməd Niziflə görüşlər də planlaşdırılıb. Həmçinin Natiq Əliyevin Misirin neft naziri ilə görüşündə neft-qaz sahəsində əməkdaşlığın prioritet istiqamətləri müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR