Bank Of Baku

Azərbaycan Gürcüstanda sıxılmış qaz zavodunun tikintisi ilə bağlı iş aparır

Azərbaycan Gürcüstanda sıxılmış qaz zavodunun tikintisi ilə bağlı iş aparır
# 16 mart 2011 13:45 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsi çərçivəsində Gürcüstanda sıxılmış qaz zavodunun tikintisi ilə bağlı iş aparır. “APA-Economics”in xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı üçtərəfli (Azərbaycan-Gürcüstan-Rumıniya) şirkət də yaradılıb: “Bu şirkət hazırda layihənin texniki-iqtisadi əsaslandırılmasını hazırlayır”.

R.Abdullayev qeyd edib ki, Azərbaycan tərəfi Gürcüstanda neft emalı zavodunun tikintisi ilə bağlı danışıqlar aparmır: “Müəyyən ideyalar var və bunları öyrənirik. Onların reallaşması layihənin texniki-iqtisadi əsaslandırılmasından sonra müəyyənləşəcək”.

Onun dediyinə görə, dünya bazarında neftin qiymətinin büdcədə nəzərdə tutulan həddən yüksək olması ARDNŞ-nin bu il üçün nəzərdə tutduğu planlara təsir etməyəcək: “ARDNŞ büdcə qarşısında ödənişlərini normal yerinə yetirir. Təbii ki, neftin qiymətinin artması Neft Şirkətinin gəlirlərini də artırır. Amma bu, ARDNŞ-nin bu il üçün nəzərdə tutduğu layihələrə təsir etməyəcək. Hazırda dövlət büdcəsinə dəyişikliklər hazırlanır. Əgər bu dəyişikliklərlə ARDNŞ-nin öhdəlikləri artırılsa, onları da yerinə yetirəcəyik”.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRI layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu 2010-cu il aprelin 13-də Buxarestdə imzalanıb. Layihə çərçivəsində gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılması, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılır. Rumıniyaya Gürcüstan vasitəsilə göndəriləcək Azərbaycan qazının ilk versiyada həcmi 2 mlrd. kubmetr, ikinci versiyada 5 mlrd. kubmetr, üçüncü versiya üzrə isə 8 mlrd. kubmetr təşkil edəcəyi gözlənilir. Həcmdən asılı olaraq layihənin dəyəri də 1,2-4,5 mlrd. avro məbləğində dəyişə bilər. Lakin yekun həcm və məbləğ texniki-iqtisadi əsaslandırma hazır olandan sonra müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR