Bank Of Baku

«Azərenerji» yeni elektrik xətlərinin çəkilməsi və yarımstansiyaların inşasını davam etdirir

«Azərenerji» yeni elektrik xətlərinin çəkilməsi və yarımstansiyaların inşasını davam etdirir
# 28 mart 2011 14:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərenerji» ASC ölkədə yüksək gərginlikli elektrik xətlərinin dəyişdirilməsi, yeni xətlərin çəkilməsi, yeni yarımstansiyaların tikintisi ilə bağlı işləri davam etdirir. «APA-Economics»in YAP-ın rəsmi veb-saytına istinadən verdiyi məlumata görə, bunu «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın enerji sistemində gərginliyi 110 kV və ondan yüksək olan 200-dən artıq yarımstansiya var: «Eyni adlı elektrik verilişi xətlərinin ümumi uzunluğu 8 min km-dən artıqdır. Gərginliyi 35 kV və ondan aşağı olan paylayıcı xətlər də daxil olmaqla, elektrik verilişi xətlərinin ümumi uzunluğu 100 min km-dən çoxdur. Bu qəbildən olan 220 kV-luq Şirvan-Xırdalan xətti 1960-cı illərdə, Şirvan İES-Ağdam-Gəncə-Ağstafa və Şirvan İES-Yaşma-Dərbənd yüksək gərginlikli xətlər 1968-1971-ci illərdə, 1-ci və 2-ci Abşeron EVX, 4-cü və 5-ci Mingəçevir, 3-cü Şirvan EVX-ləri isə 1980-ci illərdə istismara verilib. Göründüyü kimi, bu elektrik verilişi xətləri uzun müddət istismar edildiyindən köhnəlib ki, bu da öz növbəsində enerjisistemin işinə mənfi təsir göstərir».

E.Pirverdiyev bildirib ki, bu səbəbdən istehsal olunan elektrik enerjisinin istehlakçılara verilməsi işinin keyfiyyətini daha da yaxşılaşdırmaq, bu sahədə digər lazımi tədbirlərin həyata keçirilməsi istiqamətində məqsədyönlü işlər aparılır.

«Ötən il «Abşeron» yarımstansiyasına «Azərbaycan» İES-lə yanaşı, «Şirvan» İES-dən də enerji ötürmək məqsədilə 4-cü Şirvan hava xəttinin bu yarımstansiyaya giriş-çıxışı təmin olunub. İndi təsadüf nəticəsində Mingəçevirdən gələn xətlərdə problem yaransa belə, təminat «Şirvan» İES vasitəsilə həyata keçiriləcək. Digər tərəfdən, «Yaşma» xətti ilə 8-ci «Abşeron» xəttinin əlaqələndiyi «Dərbənd» hava xətti və ya Sumqayıt Elektrik Stansiyası vasitəsilə enerjinin ötürülməsi təmin oluna bilər», - deyə ASC-nin rəhbəri qeyd edib.

E.Pirverdiyev həmçinin bildirib ki, uzunluğu 12 km olan 110 kV-luq «Hövsan-Qala» hava xətti tikilib istifadəyə verilib. Nəticədə, şəhərin enerjiötürücü şəbəkəsinin təhlükəsizliyi möhkəmləndirilib, o cümlədən həmin ərazilərdə yerləşən mühüm infrastruktur obyektlərin elektrik enerjisinin keyfiyyəti və dayanıqlığı daha da yaxşılaşıb. Bundan başqa, 500 kV-luq «Samux» yarımstansiyası və 100 km-dən artıq 500 kV-luq və 330 kV-luq elektrik verilişi xətləri də istismara verilib.

«Hazırda Mingəçevirdən Abşerona qədər uzunluğu 280 km olan iki dövrəli 220 kV-luq elektrik verilişi xətləri və Ağdaşda yeni 220 kV-luq yarımstansiya tikilməkdədir. Eyni zamanda, uzunluğu 180 km olan 330 kV-luq Goranboy-İmişli xəttinin tikintisi isə ikinci enerji dairəsinin yaranmasında mühüm rol oynayacaq. Digər mühüm layihələrdən biri isə uzunluğu 100 km olan, 220 kV-lik Sumqayıt-Zabrat-Şimal Elektrik Stansiyası-Hövsan xəttinin tikintisidir. Bu layihələrin həyata keçirilməsi Abşeron yarımadasında enerji təhlükəsizliyinin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq. Uzunluğu 48 km olan «Səngəçal-Müşfiq» xəttinin tikintisi qrafikə uyğun davam etdirilir. Bu layihə başa çatdıqdan sonra şəhərin mərkəzi hissəsinin enerjitəchizatının dayanıqlığı daha da möhkəmləndiriləcək», - deyə E.Pirverdiyev bildirib.

«Azərenerji»nin rəhbəri həmçinin qeyd edib ki, Bakı şəhəri ərazisində inşa olunan 110 kV-luq 227 saylı yeraltı yarımstansiyanın təkcə Cənubi Qafqazda deyil, Orta Asiya ölkələrində belə, analoqu yoxdur. Həmin yarımstansiyanın cari ildə istifadəyə verilməsi planlaşdırılır. Ağdaş rayonunda yerləşən ölkənin Aran və Şimal-Qərb bölgələrinin elektrik enerjisinə artan tələbatının ödənilməsində, eyni zamanda, enerjisistemin dayanıqlılığının artırılmasında müstəsna əhəmiyyət kəsb edəcək 220 kV-luq «Ağdaş» yarımstansiyasının tikintisi də davam etdirilir: «Eyni zamanda, 220 kV-luq «Zabrat», 110 kV-luq «Ləzə» və digər yarımstansiyaların tikintisi, bu layihələrlə paralel olaraq, 500 kV-luq «Muxranis-Vəli» hava xəttinin 70 km-lik hissəsinin, 220 kV-luq ikidövrəli 1-ci və 2-ci Mingəçevir və digər hava xətlərinin yenidən qurulması da planlaşdırılır».

«Bütün bunlarla yanaşı, «Azərenerji»nin paylayıcı elektrik şəbəkə müəssisələrinin xidmət ərazilərinə daxil olan rayon mərkəzlərinin, kənd və qəsəbələrin yeni salınan məhəllələrində elektrik təchizatı şəbəkələrinin qurulması işləri yerinə yetirilir. 2010-2015-ci illər ərzində elektrik enerjisinin ötürülməsi sistemində planlaşdırılmış layihələrin həyata keçirilməsi nəticəsində yeni transformatorların ümumi gücü 4 000 MVA-ya yaxın, 110-500 kV-luq yeni xətlərin ümumi uzunluğu isə təqribən 1 500 km artacaq», - deyə E.Pirverdiyev vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR