Bank Of Baku

Azərbaycan 2015-ci ilədək su elektrik stansiyaları hesabına 2 mln. tondan artıq şərti yanacağa qənaət edəcək

Azərbaycan 2015-ci ilədək su elektrik stansiyaları hesabına 2 mln. tondan artıq şərti yanacağa qənaət edəcək
# 28 mart 2011 15:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İlkin qiymətləndirmələr əsasında Azərbaycanda kiçik çayların su kadastrı hazırlanıb və eyni zamanda külək enerjisinin potensialı qiymətləndirilib, bu istiqamətdə texniki-iqtisadi əsaslandırmalar hazırlanaraq müvafiq strukturlara təqdim olunub. «APA-Economics»in YAP-ın rəsmi veb-saytına istinadən verdiyi məlumata görə, bunu «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.

Onun sözlərinə görə, ölkədə bərpa olunan enerji mənbəyi kimi ilk növbədə hidroenergetikanın inkişafı, o cümlədən kiçik su elektrik stansiyalarının tikilməsi və yenidən qurulması prioritet təşkil edir: «İlkin hesablamalara görə, ölkə ərazisində bütün çayların nəzəri hidroenerji potensialı 40 mlrd. kVt/saatdır. Kiçik su elektrik stansiyalarının nəzəri potensialı isə 28 mlrd. kVt/saatdır. Ümumiyyətlə, çaylar üzərində və su təsərrüfatı obyektlərində orta hesabla 280 kiçik su elektrik stansiyasının tikintisi mümkündür. İlkin hesablamalara görə, onların ümumi gücü 700 MVt, enerji istehsalı isə 3,5 mlrd. kVt/saat təşkil edir. O cümlədən yaxın gələcəkdə səmərəliliyinə görə 36 su elektrik stansiyasının tikintisi daha məqsədəuyğundur».

E.Pirverdiyev qeyd edib ki, belə stansiyalardan olan «Göyçay-1», «Balakən-1» və «Qusar-1» kiçik su elektrik stansiyalarında tikinti işləri qrafikə uyğun davam etdirilir. Hazırda bölgələrdə dağ çayları və kanalların üzərində kiçik su elektrik stansiyalarının tikintisi üzrə ilkin olaraq toplam gücü 16,3 MVt olan kiçik su elektrik stansiyalarının tikintisinə hazırlıq işlərinə başlanılıb: «Bu stansiyalar üzrə mühəndis-geoloji axtarış işləri yerinə yetirilib, Texniki-İqtisadi Əsaslandırma hazırlanıb, layihə-smeta sənədləri isə hazırlanır».

ASC rəhbəri bildirib ki, ümumiyyətlə, 2015-ci ilədək Azərbaycan üzrə iri və kiçik su elektrik stansiyalarının tikintisi layihələrinin həyata keçirilməsi 2 mln. tondan artıq şərti yanacağa qənaət olunmasına, eyni zamanda atmosferə atılan karbon qazının miqdarının nəzərəçarpacaq dərəcədə azaldılmasına imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR