Bank Of Baku

Bu il Lənkəranın daha 10 yaşayış məntəqəsi təbii qazla təchiz olunacaq

Bu il Lənkəranın daha 10 yaşayış məntəqəsi təbii qazla təchiz olunacaq
# 18 aprel 2011 08:45 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Bu il Azərbaycanın Lənkəran rayonunda daha 10 yaşayış məntəqəsinə təbii qazın verilişi bərpa olunacaq. Bu barədə APA-nın Cənub bürosuna Lənkəran Qaz İstismar Sahəsinin (QİS) rəisi Xalid Rzayev məlumat verib.

Onun sözlərinə görə, 2009-2013-cü illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində hazırda rayonda qaz təsərrüfatının yaxşılaşdırılması, yeni yaşayış massivlərinin qazlaşdırılması və kəmərlərin əsaslı təmir-tikintisi işləri geniş vüsət alıb.

Ötən il Lənkəran rayonuna dəyəri 1 996 220 manat olmaqla, 19 962 000 kubmetr təbii qaz verildiyini və sərf olunan mavi yanacağın dəyərinə görə 1 683 491 manat, yaxud 84,3% ödənildiyini bildirən sahə rəisi əhali sektoruna 17 802 000 kubmetrlik təbii qaz verildiyini, ödənişin isə 83,2% təşkil etdiyini, nəticə etibarilə bu göstəricinin 2009-cu illə müqayisədə 21,1% çox olduğunu diqqətə çatdırıb.

X.Rzayevin sözlərinə görə, Lənkəran şəhərinin hələ də qazlaşmayan və qaz təminatı zəif olan ərazilərini təbii qazla təmin etmək üçün hazırda Ələt-Astara magistral yolunda Şilavar və Digah kəndləri ərazisindən keçən diametri 315 millimetr olan yeni yeraltı polietilen qaz kəməri quraşdırılır. Bu kəmərlə eyni zamanda Digah və Şilavar kəndlərindəki yeni yaşayış sahələrinin də təbii qazla təmin edilməsi nəzərdə tutulub. Bununla yanaşı, hazırda rayonun Aşağı Nüvədi, Kənarmeşə, Seydəkəran, Tütəpeştə, Viyən, Cil və Boladi kəndlərinin də təbii qazla təchizatı üçün tikinti-quraşdırma işləri davam etdirilir. Bundan başqa, Gərmətük, Kosalar, Velədi, Hirkan, Bürcəli, Parakənd və Xanbulan kəndlərinin də qazlaşdırılması üçün “Azəriqaz” İstehsalat Birliyinin Layihə Konstruktor Bürosu tərəfindən layihələr hazırlanır.

Qeyd edək ki, Lənkəran QİS 13199 abonentə xidmət edir ki, onun da 12675-i təbii qazdan istifadə edir. Bu isə ümumi abonentlərin 96 faizini təşkil edir. Bundan başqa, QİS 9 sənaye, 25 qeyri-dövlət obyektinə və 18 büdcə təşkilatına xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR