Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətində «Elm Fondu» yaradılacaq

Azərbaycan Dövlət Neft Şirkətində «Elm Fondu» yaradılacaq
# 26 may 2011 11:04 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında «ARDNŞ-da «Elm Fondu»nun təsis edilməsi haqqında» Anlaşma Memorandumu imzalanıb. «APA-Economics»in xəbər verdiyi kimi, memorandumu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və AMEA-nın prezidenti Mahmud Kərimov imzalayıblar.

Tədbirdə bildirilib ki, Azərbaycanda neft və qaz sənayesi ilə bağlı aparılan elmi tədqiqatların stimullaşdırılması, təbii ehtiyatların öyrənilməsinin gücləndirilməsi, aparılan araşdırmaların səmərəliyinin artırılması və dünya elm məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasının təmin edilməsi kimi mühüm məqsədlər daşıyan «ARDNŞ-in Elm Fondu» Azərbaycan neft-qaz elminin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaradacaq, neft kapitalının insan kapitalına çevrilməsinə, texniki elmlərin inkişafında gənc alimlərin rolunun daha da artırılmasına güclü stimul verəcək. Gənc elmi kadrların yetişdirilməsi, onların elmi araşdırmalarının dəstəklənməsi məsələlərinə diqqət yetirəcək «ARDNŞ-in Elm Fondu» neft və qaz sənayesi ilə bağlı ən yaxşı elmi-tədqiqatların mükafatlandırılması, layihələrə qrantların ayrılması, savadlı gənclərin xarici ölkələrdə magistratura və doktoranturalarda təhsilinin maliyyələşdirilməsi, kadrların ixtisasartırma kurslarında və treninqlərdə iştirakı, eləcə də ölkədə konfrans və seminarların təşkilini həyata keçirəcək. Mükafat və qrantların verilməsi ARDNŞ və AMEA nümayəndələrindən ibarət Müsabiqə Komissiyası tərəfindən aparılcaq.

Mərasimdə çıxış edən R.Abdullayev və M.Kərimov əmin olduqlarını bildiriblər ki, yaradılan yeni fond qarşısına qoyduğu vəzifələri uğurla yerinə yetirəcək, eyni zamanda Azərbaycan neft-qaz sənayesi ilə bağlı elmin maddi-texniki bazasının müasir standartlar səviyyəsində yenidən qurulması işinə dəyərli töhfəsini verəcək.

Tədbirdə son dövrlər ARDNŞ ilə Azərbaycan Milli Elmlər Akademiyası, o cümlədən AMEA-nın Geologiya, Aşqarlar Kimyası, Yusif Məmmədəliyev adına Neft-Kimya prosesləri institutları arasında qurulmuş işgüzar münasibətlərdən danışılıb və bu münasibətlərin gələcəkdə daha böyük səmərə verəcəyi əminliklə vurğulanıb.

ARDNŞ-in strukturunda elmi-tədqiqat və layihələndirmə işləri ilə məşğul olan «Neftqazelmitədqiqatlayihə» İnstitutu, Geofizika Elmi-Tədqiqat İnstitutu, Kimya Elmi-Tədqiqat Layihə İnstitutu və bir sıra elmi-layihə, konstruktor büroları, laboratoriyaların fəaliyyət göstərdiyi qeyd olunub, aparılan tədqiqat işləri müsbət qiymətləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR