Bank Of Baku

“Azəriqaz”da yeni “Qazdan istifadə qaydaları” ilə əlaqədar mətbuat konfransı keçirilib

“Azəriqaz”da yeni “Qazdan istifadə qaydaları” ilə əlaqədar mətbuat konfransı keçirilib
# 27 may 2011 10:38 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyində Nazirlər Kabineti tərəfindən yeni qəbul edilmiş “Qazdan istifadə qaydaları” ilə əlaqədar mətbuat konfransı keçirilib.

APA-Economics”in xəbərinə görə, mətbuat konfransında “Azəriqaz” İB-nin Qaz Təsərrüfatının İstismarı şöbəsinin rəisi Vaqif Namazov və layihə-smeta və ekspertiza şöbəsinin rəisi Harun Vahabov iştirak edib.

V.Namazov bildirib ki, Nazirlər Kabinetinin 80 saylı qərarı ilə qəbul edilən “Qazdan istifadə qaydaları” qazpaylayıcı şəbəkəyə qoşulma və şəbəkədən ayrılma şərtləri, tərəflərin vəzifələri, qazın dəyərinin ödənilməsi şərtləri və digər məsələləri özündə əks etdirir. Bu qaydalar təsdiq olunanadək birlikdə üç istehlakçı qrupu üzrə yeni müqavilə layihələri hazırlanıb, müvafiq təşkilatlarla razılaşdırılıb və tətbiq edilib. Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə təlimat hazırlanıb. Onun əsasında qaz qurğularına ildə bir dəfə texniki baxış keçirilir və xidmət işləri aparılır.

Qaydalarda hökumət tərəfindən nəzarət və təbliğatın daha da gücləndirilməsi tələbləri qoyulub. Bundan sonra qaz qurğularına ildə iki dəfə, altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilib, müqavilə üzrə istehlakçılar ildə bir dəfədən az olmayaraq “Qazdan istifadə qaydaları”nın tələblərinə uyğun təlimatlandırılmalıdır.

Mətbuat konfransında fərdi evlərin qazlaşdırılması məsələsinə də toxunulub. Bildirilib ki, bundan sonra fərdi evin qazlaşdırılması, ərizə qəbulu, rəyin, onun əsasında texniki şərtin verilməsi və razılaşdırılmış layihə-smeta sənədləri əsasında təmir tikinti idarəsinin görəcəyi iş, sayğacın quraşdırılması, istismara qəbulu və qaz təchizatı ilə təminat qaydalara əsasən “Bir pəncərə” prinsipi ilə həyata keçiriləcək.

Konfransda əhəmiyyət kəsb edən digər məqamlar da vurğulanıb, yeni qaydalara uyğun olaraq qazdan zəhərlənmə və bədbəxt hadisələrlə nəticələnən hallar nəzərə alınaraq qaz qurğularını, onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin normal işləməsini diqqətdə saxlamaq, qaz qurğularında nasazlıq və ya qaz sızma aşkar edildikdə, hansı hərəkət və təhlükəsizlik tədbirlərinin görülməsi haqqında geniş məlumat verilib. Qaz qurğularının özbaşına quraşdırılmasını, onların yerdəyişməsini və təmirini həyata keçirmək, bina daxilində qeyri-metal borudan qaz çəkilişi aparmaq, qaz qurğusunun quraşdırıldığı yerin planını dəyişdirmək, qaz qurğusunun, tüstü bacalarının və havadəyişdirmə xətlərinin quruluşunda dəyişikliklər etmək, qanunvericiliyə uyğun sertifikatlaşdırılmamış qaz qurğularından istifadənin qadağan edildiyi bir daha diqqətə çatdırılıb.

Qaydalarda qaz sayğaclarının quraşdırılması və istismarı, eləcə də qazın dəyərinin ödənilmə şərtlərinin əksini tapdığı qeyd edilib. Standart olaraq saatlıq qaz sərfiyyatı 2-3 kubmetr olan abonentlərin mənzillərində qaz sayğacları “Azəriqaz” İB-nin hesabına quraşdırılır. Qaz sərfiyyatı saatda 6 kubmetrdən yuxarı olan abonentlərin mənzillərinə qaz sayğaclarının quraşdırmasına isə fərdi qaydada baxılacaq. Qazın dəyəri qazpaylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı (bildiriş) istehlakçıya təqdim edildikdən sonrakı bir ay müddətində tam ödənilməli, ödəniş isə yalnız bank və ya poçt şöbələri vasitəsilə həyata keçirilməlidir.

İstehlakçıya verilən qazın dayandırılması istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədikdə, qazpaylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, qazpaylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda, təmir-profilaktika və qəza işləri görüldükdə və məhkəmənin qərarı ilə həyata keçirilir.

Mətbuat konfransının sonunda KİV nümayəndələrini maraqlandıran bu və digər suallar da cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR