Bank Of Baku

ARDNŞ-ın vitse-prezidenti Türkmənistan baş nazirinin müavini ilə görüşüb

ARDNŞ-ın vitse-prezidenti Türkmənistan baş nazirinin müavini ilə görüşüb
# 27 may 2011 16:04 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Mayın 25-26-da Türkmənbaşı şəhərində 2-ci Türkmənistan Beynəlxalq Qaz Konqresi keçirilib.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, konqres regional və beynəlxalq ictimaiyyətin Türkmənistan qaz sektorunun cari vəziyyəti, inkişaf perspektivləri və sərmayə imkanları barədə məlumatlandırılması məqsədi daşıyır.

Tədbirdə Türkmənistanın karbohidrogen ehtiyatlarının tədqiqi, işlənilməsi, hasilatı, emalı, neft-qaz sektorunun modernizasiyası, bu sektorda yeni texnologiyaların tətbiqi, yeni boru kəmərlərinin inşası və mövcud infrastrukturun təkmilləşdirilməsi məsələləri müzakirə edilir. Avropa Komissiyasının, Enerji Xartiyası Katibliyinin, ABŞ, Rusiya, Koreya, Əfqanıstan, Pakistan, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri hökumətlərinin rəsmi şəxslərinin, eləcə də beynəlxalq neft-qaz şirkətləri nümayəndələrinin iştirak etdiyi Konqresdə Azərbaycan ARDNŞ-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin başçılığı etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Konqres çərçivəsində ARDNŞ təmsilçiləri bir sıra görüşlər keçiriblər. Mayın 25-də R.Hüseynzadənin Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Baymurat Hojamuhammedovla görüşü olub. Danışıqlarda Xəzər dənizi regionunda neft-qaz əməliyyatlarının aparılması, boru kəmərlərinin ekoloji təhlükəsizliyi və Xəzər dənizinin ətraf mühitinin mühafizəsi sahəsində əməkdaşlıq məsələləri haqda fikir mübadiləsi aparılıb.

Həmin gün R.Hüseynzadə Türkmənistanın neft-qaz sənayesi və mineral resurslar naziri Bayramgəldi Nadirov, “Türkmənneft” Milli Neft Şirkətinin sədri Annaqulu Deryayev və digər rəsmi şəxslərlə də görüşüb. Türkmənistan təmsilçiləri Azərbaycanla, o cümlədən ARDNŞ ilə əməkdaşlığın gələcəkdə də davam etdirilməsində və dərinləşdirilməsində maraqlı olduqlarını, bunun təzahürü kimi “Xəzər neft, qaz, neftayırma və neft kimyası-2011” 18-ci Beynəlxalq sərgi-konfransında iştirak edəcəklərini bildiriblər.

Konqresdə məruzə ilə çıxış edən R.Hüseynzadə Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən neft-qaz əməliyyatları, qazanılan zəngin təcrübə, habelə tətbiq olunan mütərəqqi texniki vasitələr və texnologiyalar, ətraf mühitin mühafizəsi sahəsində görülən işlər haqqında iştirakçılara ətraflı məlumat verib. ARDNŞ-ın dünyanın müxtəlif regionlarında həyata keçirdiyi investisiya layihələri, enerji daşıyıcılarının diversifikasiya olunmuş nəql sistemi, bu sahədə gələcəkdə planlaşdırılan tədbirlər də məruzədə geniş yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR