Bank Of Baku

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin perspektivlərinə həsr olunmuş konfrans keçirilir

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin perspektivlərinə həsr olunmuş konfrans keçirilir
# 01 iyun 2011 11:02 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov qeyd edib ki, əsas enerji mənbələrinin ehtiyatları tükəndikcə və yaxud istehlak tempi hər hansı bir səbədən aşağı düşdükcə enerji təminatında pay nisbətləri və müvafiq olaraq mənbələrin statusları dəyişir: «Dünyanın enerji tələbatının 80%-i neft, qaz və kömürün hesabına təmin olunur, bu isə təqribən 9,5 mlrd. ton neft ekvivalenti miqdarındadır. Enerji təminatında neft 36%, kömür 23%, qaz isə 20% təşkil edir. Qlobal elektrik enerjisi təminatı ümumi enerji istehlakının təqribən 60-65%-ni təşkil edir. Elektrik enerjisi istehsalında enerji mənbəyi kimi istifadə spektrində liderlik kömürə məxsusdur. Belə ki, neft və qazın payından 1,5 dəfə kömür daha çox istifadə olunur».

A.Həşimov onu da bildirib ki, neft, qaz və kömürə əsaslanmış energetika dünyanın qlobal ekoloji problemlərinin əsas səbəbi kimi xarakterizə olunur. Belə ki, indi atmosferə atılan zərərli qazların 70-80%-i energetik qurğuların payına düşür: «Ənənəvi üzvi yanacaqların enerji təminatında istifadəsində ehtiyatların tükənməsi, yer kürəsində hava mühitinin tərkibinin deqradasiyası, su hövzələrinin turşulaşması, çirklənməsi, meşələrin məhvi (kömür və neft məhsullarının istifadəsindən), zəhərli tulllantılarla çirklənmə, torpaq və bitki örtükləri, su hövzələrinin radionuklidlərlə çirklənməsi və s. problemlər mövcuddur».

A.Həşimovun sözlərinə görə, yaxın 20-30 il ərzində neft müqavilələrinin reallaşdırılması, neft və qazın dünya bazarlarına ixracı Azərbaycanın iqtisadi cəhətdən güclənməsi ilə yanaşı, ölkədə energetik və ekoloji problemlərin artmasına gətirib çıxara bilər: «Azərbaycanda tüstü qazlarının (parnik effekti yaradan qazlar) əsasını karbon qazı təşkil edir ki, onun da emissiyasının 97%-i energetikanın payına düşür. Birbaşa təsirli tüstü qazlarının emissiyasının dəyişmə dinamikasına görə, 2000-2025-ci illərdə onun həcmi artacaq. Digər tərəfdən nəzərə almaq lazımdır ki, karbohidrogen xammalı ehtiyatları tükənməz deyil».

Alternativ və bərpa olunan enerji mənbələrindən danışan A.Həşimov bildirib ki, hazırda külək enerjisi üzrə dünya liderləri Almaniya və İspaniyadır.

Tədbirdə çıxış edən Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov 2005-2013-cü illəri əhatə edən Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsi barədə Dövlət Proqramından danışıb və qeyd edib ki, ənənəvi enerji qlobal ekoloji problemlər yaradıb: «Hazırda Azərbaycan 57 külək qurğusu alıb ki, onun 3-ü artıq quraşdırılıb. Eyni zamanda günəş çevriciləri də alınıb. Abşeron yarımadasında külək enerjisindən istifadə etməyə imkan var. Belə ki, Bakı və Abşeron yarımadasında orta hesabla ilin 250 günü küləkli olur. Ümumiyyətlə, Azərbaycanın illik külək enerjisi ehtiyatı 800 MVt təşkil edir».

Ölkədə su elektrik stansiyalarının sayının 3-4 dəfə artırılmasının mümkün olduğunu deyən A.Qəribov bildirib ki, Azərbaycanın tam hidroenerji potensialı 35-40 mlrd. kVt/saata bərabərdir.

Daha sonra tədbirdə Azərbaycan Dövlət Neft Şirkəti, Alternativ və Bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyi və digər qurumların nümayəndələri çıxış ediblər. İki gün davam edəcək tədbirdə Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin perspektivləri geniş müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR