Bank Of Baku

Riçard Morninqstar: “Türkiyədə “Nabucco”ya dair sazişin imzalanması enerji marşrutlarının diversifikasiyası baxımından faydalı olacaq”

Riçard Morninqstar: “Türkiyədə “Nabucco”ya dair sazişin imzalanması enerji marşrutlarının diversifikasiyası baxımından faydalı olacaq”
# 06 iyun 2011 12:52 (UTC +04:00)
Bakıda səfərdə olan ABŞ dövlət katibinin Avrasiyanın enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar bu sözləri APA-nın sualına cavabında deyib.

R.Morninqstar ümid edir ki, tranzit ölkələr arasında iyunun 8-də imzalanacaq bu saziş Azərbaycan, Türkmənistan və enerji təchizatçısı olan digər ölkələr üçün yaxşı seçim imkanı yaradacaq. Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığı məsələlərinin hər zaman müzakirə edildiyini deyən R.Morninqstar gələn həftə Aşqabada səfər edərək, Türkmənistan rəhbərliyi ilə də Transxəzər layihəsi barədə danışıqlar aparacaq.

Türkiyə ilə Azərbaycan arasında təbii qazın alqı-satqısı sazişinə gəlincə, R.Morninqstar bildirib ki, hazırda Türkiyədə seçki kampaniyası davam edir və seçkilər başa çatandan sonra bu məsələdə müəyyənliyin yaranacağına inanır: “Hər halda, mən Azərbaycanla Türkiyə arasında qaz sazişinin imzalanmaması üçün bir səbəb görmürəm”.

APA-nın “Azərbaycanla Rusiya arasında təbii qazın alqı-satqısına dair sazişi və Moskvanın daha çox həcmdə Azərbaycan qazı almaq arzusunda olduğu nəzərə alınsa, Rusiya regional qaz bazarına nəzarət uğrunda ABŞ-a üstün gəlmirmi?” sualını cavablandıran amerikalı rəsmi bildirib ki, öz qazını kimə satmaq qərarı Azərbaycana aiddir: “Azərbaycan suveren ölkədir və ehtiyatlarını hara satacağına özü qərar verir. Mən deməzdim ki, kimsə kimisə sıxışdırır. Təbii qaz bazarı azad və dinamik bir bazardır. Biz sadəcə arzu edirik ki, burada balans və alternativ olsun”. Onun sözlərinə görə, hazırda Azərbaycan Rusiyaya az miqdarda qaz satır və digər istiqamətlərə də qaz ixrac etmək imkanları qalır.

R.Morninqstar həmçinin vurğulayıb ki, “Cənub dəhlizi” layihəsi Birləşmiş Ştatların əsas prioritetidir və Vaşinqton bu regional layihəyə hər cür dəstək göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR