Bank Of Baku

ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi ARDNŞ prezidenti ilə görüşüb

ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi ARDNŞ prezidenti ilə görüşüb
# 08 iyun 2011 07:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən “Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2011” XVIII beynəlxalq sərgi-konfransında iştirak etmək üçün Azərbaycana gəlmiş ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, görüşdə R.Abdullayev Azərbaycanla ABŞ arasında enerji sahəsində qurulan sıx əməkdaşlıq münasibətlərindən söz açaraq, ABŞ neft-qaz şirkətlərinin Azərbaycan enerji sektorunun inkişafına töhfə verdiyini xatırladıb və “Əsrin müqaviləsi”nin uğurla həyata keçirilməsində qarşılıqlı faydalı tərəfdaşlığın mühüm rol oynadığını qeyd edib. O, Azərbaycan neft-qaz sənayesinin son illərdə əldə etdiyi nailiyyətlərdən bəhs edərək, neft və qaz hasilatında qazanılmış yüksək göstəricilər nəticəsində Azərbaycanın Avropa enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətinin getdikcə artmasını vurğulayıb.

R.Morninqstar Azərbaycanın öz enerji resurslarından səmərəli istifadə etməsi nəticəsində sürətlə inkişaf etdiyini, artıq 18 ildir ki, ənənəvi olaraq keçirilən neft-qaz sərgisinə böyük marağın məhz bu inkişafın və Azərbaycana beynəlxalq miqyasda artan diqqətin təzahürü olduğunu bildirib. ABŞ-Azərbaycan münasibətlərinin bütün sahələrdə, o cümlədən enerji əməkdaşlığı sahəsində sürətlə irəlilədiyini deyən xüsusi elçi bu münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qədəm qoyması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.

Tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR