Bank Of Baku

ARDNŞ: Rusiya Transxəzər qaz kəməri layihəsinə mane olmayacaq

ARDNŞ: Rusiya Transxəzər qaz kəməri layihəsinə mane olmayacaq
# 09 iyun 2011 14:41 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Türkmənistan qazının Xəzərin bu tayına çatdırılmasını nəzərdə tutulan Transxəzər layihəsi ilə bağlı hüquqi sənədlər hazırlanır. Bu barədə «APA-ECONOMICS»ə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.

Onun sözlərinə görə, bu layihə region hökumətlərinin və bir çox şirkətlərin cəlb olunduğu mühüm layihələrdən biridir: “Azərbaycan və Türkmənistan hökumətləri bu layihəni dəstəkləyirlər. Türkmənistan prezidenti birmənalı şəkildə bu layihəni dəstəklədiyini söyləyib və biz hüquqi sənədlərin hazırlanması üzərində işləyirik”.

V.Bəylərbəyov bildirib ki, layihənin reallaşması üçün onun ətraf mühitə təsiri araşdırılmalı və texniki-iqtisadi əsaslandırması (TİƏ) hazırlanmalıdır. Bu layihə üçün texniki iqtisadi əsaslandırmanı 2011-ci ildə tamamlamaq nəzərdə tutulur: «Layihənin tikintisi barədə qərar yalnız bundan sonra verilə bilər. İstənilən halda TİƏ hazırlanması azı 6 ay çəkəcək».

Layihənin reallaşması ilə bağlı qərar isə qarşıdakı 1-3 il ərzində verilməlidir. Əks halda problem yaranacaq, çünki bu müddət ərzində Azərbaycanda qurulan infrastruktur yalnız Azərbaycan qazı üçün nəzərdə tutulacaq: «Amma hətta bundan sonra da lazım olarsa, başqa layihə və başqa infrastruktur vasitəsilə Türkmənistan qazını Avropaya çatdırmaq mümkün olacaq. Bu baxımdan mən Türkmənistan prezidentinin Rumıniya səfəri zamanı səsləndirdiyi bəyanatı misal gətirə bilərəm. O bildirmişdi ki, Türkmənistan AGRI layihəsini dəstəkləyir».

Rəsmi Moskvanın layihəyə razı olmadığı barədə Rusiya səfirinin bəyanatına münasibət bildirən V.Bəylərbəyov hesab edir ki, Rusiya bu layihəyə mane olmayacaq. Bununla yanaşı, ARDNŞ nümayəndəsi Transxəzər layihəsi ilə bağlı Rusiya ilə danışıqlar aparılmayacağını da bildirib: “Bu, özəl şirkətlər tərəfindən aparılan işləri, məsləhətləşmələr aparılmasını, layihə çərçivəsində terminalın yaradılmasını və bura qazın tankerlər vasitəsilə gətirilməsini nəzərdə tutur. Bu layihə heç bir konfrontasiyaya səbəb olmayacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR