Bank Of Baku

Ötən il Azərbaycanda 128 səmərəsiz neft quyusu ləğv edilib

Ötən il Azərbaycanda 128 səmərəsiz neft quyusu ləğv edilib
# 10 iyun 2011 07:54 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Ötən il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azneft» İstehsalat Birliyində istismarı səmərəsiz olan 128 quyu ləğv edilib. «APA-ECONOMICS»in məlumatına görə, bunu ARDNŞ-in ekoloji məsələlər üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib.

Onun sözlərinə görə, ötən il «Azneft» İB-nin neft yataqlarının ərazilərində neftlə çirklənmiş 40 hektar torpaq sahəsi rekultivasiya edilərək abadlaşdırılıb, ümumi sahəsi 34,1 hektar olan süni gölməçə və bataqlıqlar qurudulub. Hazırda H.Z.Tağıyev adına, «Balaxanıneft» və «Abşeronneft» NQÇİ-lərdə ümumi sahəsi 61 ha olan ərazilərdə bioremediasiya işləri aparılır.

R.Hüseynzadə bildirib ki, 2010-cu il ərzində ARDNŞ, qurudakı birgə müəssisələr və əməliyyat şirkətləri üzrə hasil olunan lay sularının gündəlik ümumi həcmi 71 min kubmetr təşkil edib, bunun yalnız 65%-i utilizə olunub, qalan hissəsi isə müəyyən həddə qədər təmizləndikdən sonra ətraf mühitə atılıb.

Lay sularını yeraltı horizontlara vurmaq üçün «Neft Daşları»nda gündəlik məhsuldarlığı 7,1 min kubmetr olan 2 təmizləyici qurğu quraşdırılıb, hazırda sazlama işləri gedir.

Hesabat ilində «Siyəzənneft» NQÇİ-də gündəlik 750 kubmetr lay sularının ətraf mühitə axıdılması dayandırılıb. Bütövlükdə «Azneft» İB üzrə istismarı səmərəsiz olan 128 quyu ləğv edilib və bununla lay sularının hasilatı gündəlik 1,4 min kubmetr azalıb.

Görülən tədbirlər nəticəsində «28 May», «Palçıq Pilpiləsi», «Neft Daşları», «Bibiheybət» və «Siyəzən» yataqlarında az təzyiqli səmt qazının atmosferə atılması əvvəlki illə müqayisədə 177 mln. kubmetr azalaraq 410 mln. kubmetrə enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR