Bank Of Baku

“Nabucco”ya daha bir rəqib yaradılır

“Nabucco”ya daha bir rəqib yaradılır
# 26 iyul 2011 10:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. İran, İraq və Suriya İranın Cənubi Pars yatağından Avropaya qaz nəqli üçün yeni qaz kəmərinin tikintisi barədə memorandum imzalayıblar.

APA-Economics”in İRNA agentliyinə istinadən məlumatına görə, məbləği 10 mlrd. dollara çatan layihə İran qazının Avropaya, o cümlədən Yunanıstana nəqlini nəzərdə tutur.

Layihəyə əsasən uzunluğu 5 min km-ə çatan boru kəməri tikiləcək. Kəmər İraq, Suriya, Livan ərazisindən keçəcək. Bundan sonra isə qaz Avropaya Aralıq dənizi vasitəsilə çatdırılacaq. Artıq indidən “İslam magistralı” adlandırılan boru kəməri 2014-12016-cı illərdə istifadəyə verilə bilər. Onun buraxılış gücü sutkada 110 mln. kubmetr və ya təqribən 40 mlrd. kubmetr təşkil edir.

Qeyd edək ki, qaz ehtiyatlarının həcminə görə dünyada Rusiyadan sonra ikinci yeri tutan İranda gündə 600 mln. kubmetr qaz hasil edilir və bunun hamısı ölkə daxilində istehlak olunur. 2015-ci ildən etibarən isə İran Cənubi Pars yatağının işlənməsi sayəsində qaz hasilatını ikiqat artırmaq və sutkada 250 mln. kubmetr qaz ixrac etmək niyyətindədir. Artıq İraq, Suriya və Livan İran qazına olan tələbatlarını bildiriblər - İraq sutkada 10-15 mln. kubmetr, Suriya 15-20 mln. kubmetr, Livan isə 5-7 mln. kubmetr qaz almaq istədiyini bildirib.

Ekspertlərin fikrincə, haqqında danışılan kəmər “Nabucco”nun birbaşa rəqibi ola bilər. Memorandumun imzalanmasından sonra İran dövlət qaz şirkətinin (NIGC) rəhbəri Cavad Özci bildirib ki, çıxarıla bilən ehtiyatları 16 trln. kubmetr olan Cənubi Pars yatağı nəqletmə üçün etibarlı mənbədir: “Qaz kəmərlərinin tikintisi üçün vacib olan belə mənbə “Nabucco”da yoxdur”. Şirkətin rəhbəri bildirib ki, indiyədək Türkiyə, Suriya və İraq nümayəndələri ilə ekspertlər səviyyəsində 20 görüş keçirilib və bu ölkələrin təmsilçiləri yazılı icazələr veriblər.

Rusiyalı ekspertlər yeni layihənin Avropa Birliyinin dəstəklədiyi “Nabucco”, eləcə də Rusiyanın həyata keçirməyə çalışdığı “Cənub axını” kəmərlərinə rəqib olacağını bildirirlər. Bəzi ekspertlərin fikrincə isə, hətta adı çəkilən layihələr həyata keçirilsə belə, Avropanın alternativ kəmərlərə ehtiyacı olacaq. Hərçənd analitiklər “İslam magistralı”nın gələcəyinin qeyri-müəyyən, İran və Suriyadakı siyasi risklərin kifayət qədər böyük olduğunu qeyd edirlər. Bundan başqa, layihə iştirakçıları arasında onun maliyyələşdirilməsi ilə bağlı fikir ayrılıqları da ola bilər. Nəhayət, “Nabucco”nun İrandan qaz almasına mane olan Tehrana qarşı iqtisadi sanksiyalar hələ də qüvvədədir.

Xatırladaq ki, “Nabucco” qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan “Nabucco Gas Pipeline İnternational GmbH.” konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), “Transgaz” (Rumıniya), “Bulgargaz” (Bolqarıstan), “BOTAŞ” (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.

Tikintisinə 2012-ci ildə başlanacaq «Nabucco» qaz kəməri ilə Azərbaycan qazının nəqli 2017-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazı da daşınacaq. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR