Bank Of Baku

«Petkim» şirkətinin mütəxəssisləri «Azərikimya» əməkdaşları üçün seminar keçirib

«Petkim» şirkətinin mütəxəssisləri «Azərikimya» əməkdaşları üçün seminar keçirib
# 28 iyul 2011 16:52 (UTC +04:00)
Bakı - APA-Economics. «Azərikimya» İB-də Türkiyənin «Petkim» şirkəti mütəxəssislərinin təlim rəhbərliyi ilə əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi üzrə iki günlük geniş təlim-seminar keçirilib.

İB-dən “APA-Economics”ə verilən məlumata görə, kimya müəssisələrində əməyin mühafizəsinin təmininin, baş verə biləcək istehsalat hadisələrin qarşısının alınmasında profilaktik tədbirlərin və təcrübə mübadiləsinin əhəmiyyətini və vacibliyini əsas tutan «Azərikimya» rəhbərliyi tərəfindən dəvət olunmuş «Petkim»in təcrübəli mütəxəssisləri birliyin kimya müəssisələri və oradakı istehsal prosesi, texniki təhlükəsizlik üzrə real vəziyyətlə, kimyaçıların iş şəraiti ilə yaxından tanış olub, qurumun rəhbərliyi və yerli mütəxəssislərlə görüşərək, hər iki tərəf üçün faydalı olan fikir mübadiləsi aparıblar.

Sonra «Petkim» şirkətinin əməyin mühafizəsi üzrə çoxillik və zəngin təcrübəyə malik mütəxəssisləri Ali Rıza Saklıca və Səmih Uzuncan «Azərikimya» İB-nin konfrans zalında birlik müəssisələrinin rəhbərləri və müvafiq şöbələrin məsul işçiləri üçün kimya istehsalatında yarana bilən ekstremal halların qarşısının alınması, əməyin mühafizəsi məqsədilə görülməli olan operativ və profilaktik tədbirlər, ətraf mühitin qorunması ilə bağlı seminar keçiriblər.

Seminarda dünyanın bir sıra ölkələrinin neft-kimya sənayesində baş vermiş qəzalar, onların qısa vaxt ərzində və minimum itki ilə aradan qaldırılması yolları slaydlar və video-çəkilişlər şəklində dinləyicilərə nümayiş etdirilib, qəzaların başvermə səbəbləri araşdırma ilə diqqətə çatdırılıb. Tədbirdə əməyin mühafizəsi, əməkçilər üçün sağlam və normal iş şəraitinin yaradılması istiqamətində «Petkim»in həyata keçirdiyi layihələrdən, bu sahədə «Azərikimya» İB-nin qarşısında duran mühüm vəzifələrdən söhbət açılıb.

Seminar müddətində Türkiyəli qonaqlar dinləyiciləri maraqlandıran bir sıra suallara cavab verib, mövzu ilə bağlı tövsiyələrini bildiriblər. Qarşılıqlı faydalı əməkdaşlığa xidmət edən bu cür görüşlərin bundan sonra da vaxtaşırı və ardıcıl olaraq davam etdirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR