Bank Of Baku

«Azəri-Çıraq-Günəşli» yataqlar bloku layihəsinin əsaslı məsrəfləri I yarımillikdə 875 mln. dollar olub

«Azəri-Çıraq-Günəşli» yataqlar bloku layihəsinin əsaslı məsrəfləri I yarımillikdə 875 mln. dollar olub
# 22 avqust 2011 13:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısı ərzində «BP-Azerbaijan» şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar bloku layihəsinə 325,3 mln. ABŞ dolları məbləğində əməliyyat məsrəfləri və 874,9 mln. dollar əsaslı məsrəflər xərcləyib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bütün il üçün isə AÇG fəaliyyəti üzrə əməliyyat məsrəflərinin 628 mln. dollar, əsaslı məsrəflərin isə 1,998 mlrd. dollar olacağı planlaşdırılır.

Hasilata gəldikdə isə, hesabat dövründə «BP-Azerbaijan» şirkəti «Çıraq», «Mərkəzi Azəri», «Qərbi Azəri», «Şərqi Azəri» və «Dərinsulu Günəşli» platformalarından ümumilikdə 19 mln. ton neft hasil edib.

Cari ilin yanvar-iyun ayları ərzində ümumilikdə AÇG-də 60 hasilat və 25 injektor quyusu istismarda olub. Belə ki, «Çıraq» platformasında 11 hasilat quyusu istismarda olub və hesabat dövründə buradan orta hesabla gündə təxminən 78,7 min barel neft hasil edilib.

«Mərkəzi Azəri»də 18 quyudan (12 hasilat, 5 qaz injektor quyusu və bir suvurma quyusu) gündə orta hesabla 216,1 min barel, «Qərbi Azəri»də 20 quyudan (14 hasilat və 6 suvurma quyusu) gündə 218,6 min barel, «Şərqi Azəri»də 15 quyudan (11 hasilat və 4 suvurma quyusu) gündə təxminən 131,9 min barel, «Dərinsulu Günəşli»də isə 21 quyudan (12 hasilat və 9 suvurma quyusu) təxminən 130,4 min barel hasil edilib.

Qeyd edək ki, AÇG yataqlarının işlənməsi layihəsində BP (operator – 35,78%), Azərbaycan Dövlət Neft Şirkəti (11,65%), «Chevron» (11,27%), «Inpex» (10,96%), «Statoil» (8,56%), «ExxonMobil» (8%), TPAO (6,75%), «Itochu» (4,3%) və «Hess» (2,72%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR