Bank Of Baku

Prezident İlham Əliyev: “Yeni qaz yatağının kəşfi dünyanın ən böyük qaz istehsal edən ölkələri sırasında Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək”

Prezident İlham Əliyev: “Yeni qaz yatağının kəşfi dünyanın ən böyük qaz istehsal edən ölkələri sırasında Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək”
# 09 sentyabr 2011 14:44 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 9-da “TOTAL” şirkətinin baş vitse-prezidenti Maykl Borrellin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “APA-Economics”-in AzTV-yə istinadən verdiyi məlumata görə, prezident İ. Əliyev Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” blokunda iri qaz yatağının kəşf edilməsini ölkəmizin həyatında əlamətdar hadisə kimi dəyərləndirib. Dövlət başçısı yeni qaz yatağının kəşf olunmasının Azərbaycanın dünyanın ən böyük qaz istehsal edən ölkələri sırasında mövqeyini daha da möhkəmləndirəcəyini vurğulayıb. Prezident qeyd edib ki, bu əlamətdar hadisə Azərbaycanın neft və qaz potensialının indiyəcən təsdiqlənmiş ehtiyatlardan qat-qat çox olduğunun növbəti əyani sübutudur.

Dövlət başçısı uzun illərdir Fransanın “TOTAL” şirkətinin Azərbaycanda bir sıra layihələrdə uğurla fəaliyyət göstərdiyini və yeni qaz yatağının kəşfinin böyük nailiyyət olduğunu bildirib. O, Azərbaycanın neft-qaz strategiyasını uğurla davam etdirmək üçün bundan sonra da məqsədyönlü və ardıcıl siyasətini davam etdirəcəyini vurğulayıb.

Öz növbəsində, M. Borrell “Abşeron” blokunda iri qaz yatağının kəşfinin mühüm hadisə olduğunu bildirib. O, “TOTAL” şirkətinin ARDNŞ-lə uğurla əməkdaşlıq etdiyini deyib. M. Borrel “Abşeron” yatağında “TOTAL” şirkətinin həyata keçirdiyi işlər barədə ətraflı məlumat verib, şirkətin Azərbaycanla əməkdaşlığının bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduğunu vurğulayıb.

ARDNŞ-in 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Abşeron” blokundakı yeni qaz yatağının texniki-iqtisadi göstəriciləri və perspektivdə görüləcək işlər barədə təqdimat verib.

Prezident İ. Əliyev Abşeron blokunda iri qaz yatağının kəşfi münasibətilə Azərbaycan xalqını, bu layihənin reallaşmasında iştirak edənləri təbrik edib və yeni-yeni uğurlar arzulayıb. Dövlət başçısı yeni yatağın Azərbaycanın regionda və dünyada mövqeyinin möhkəmlənməsinə, respublikanın sosial-iqtisadi inkişafının daha da güclənməsinə və xalqın maddi-rifah halının yaxşılaşmasına mühüm təsir göstərəcəyini vurğulayıb.
Sonra prezident yeni qaz yatağının kəşfi münasibətilə mətbuata açıqlama verib.

““Abşeron” blokunda yeni qaz yatağının kəşfi ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının uğurla davam etdirildiyini və Azərbaycanın neft-qaz ölkəsi kimi də beynəlxalq imicinin durmadan möhkəmləndiyinə dəlalət edir. Azərbaycan regional əməkdaşlığa da töhfələrini əsirgəmir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Avropa ilə Asiya arasında mühüm körpü rolunu oynayan Azərbaycan son illərdə daha da gücləndirilən məqsədyönlü, çoxşaxəli və balanslaşdırılmış dövlət siyasəti nəticəsində hazırda dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. Xarici şirkətlərin respublikamıza marağının daim artması ölkəmizdə əlverişli və etibarlı investisiya mühitinin yaradılmasının məntiqi nəticəsidir. Azərbaycan bundan sonra da sosial-iqtisadi inkişafını daha da gücləndirmək və beynəlxalq birliyə inteqrasiya yolunda səylərini artırmaqda israrlıdır”, - deyə prezident bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR