Bank Of Baku

BP şirkəti Azərbaycanda gənclər üçün yeni layihənin icrasına başlayıb

BP şirkəti Azərbaycanda gənclər üçün yeni layihənin icrasına başlayıb
# 31 yanvar 2012 10:45 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycandakı əsas neft-qaz layihələrinin operatoru olan «BP-Azerbaijan» şirkəti özünün Azərbaycandakı tərəfdaşları adından yerli idarəetməni, gənclərin bacarıqlarının inkişafını və ətraf mühit təşəbbüslərini dəstəkləmək məqsədilə Avrasiya Tərəfdaşlıq Fondu (ATF) ilə qrant sazişi imzalayıb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, sazişin məqsədi yerli bələdiyyələrin problemlərini müəyyən etmək və onları aradan qaldırmaq bacarıqlarını gücləndirməkdir: «Saziş həmçinin ətraf mühitdəki ən adi problemlərlə bağlı məlumatlılığı artırmaq və əhalini cəlb etməklə onların həllinə kömək göstərmək məqsədi daşıyır».

Layihə çərçivəsində görülən işlər nəticəsində bələdiyyələr nəzdində gənclər palataları yaradılacaq. Bu qurumlar gənclərin təlimi, həmçinin onların liderlik və layihələri idarəetmə potensialını artırmaq yolu ilə öz icmalarındakı ətraf mühit problemlərinin həllinə cəlb edilməsini təmin edəcək.

Layihə Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərlərinin (BTC/CQBK) Azərbaycan hissəsi boyunca 9 bələdiyyəni əhatə edir. Bu, Qaraxanlı (Tovuz), Qırılı (Ağstafa), Dəllər Cəyir (Şəmkir), Dəllər Daşbulaq (Şəmkir), Ağasıbəyli (Samux), Aran (Yevlax), Cinliboluslu (Goranboy), Orta Ləki (Ağdaş) və Ucar şəhərindəki bələdiyyələrdir.

Sazişə görə BP və onun tərəfdaşlarının layihəyə ayırdığı məbləğ 200 min dollar təşkil edir. ATF isə digər mənbələrdən əldə etdiyi 260 min dollar məbləğində vəsaitlə layihəni birgə maliyyələşdirir.

Layihə üzrə görüləcək işlərə həmçinin bələdiyyələrdə strateji planlaşdırma və iş icrasının ölçülməsi sahəsində bacarıq və səriştələrin yaradılması daxildir. Layihənin ətraf mühit komponenti çərçivəsində yeni yaradılacaq gənclər palatalarının öz icmalarındakı ekoloji problemləri aradan qaldırmasına kömək məqsədilə ATF-in onlara kiçik subqrantlar ayırması da planlaşdırılır.

Proqram iş icrasının ölçülməsi sistemi və strateji planlaşdırma sahəsində ekspertlər də cəlb olunmaqla ATF tərəfindən həyata keçiriləcək. Bu sazişə görə, ATF layihənin ekoloji komponentinin həyata keçirilməsini subpodrat müqaviləsi vasitəsilə «Ekoloji Tarazlıq» (EKOT) adlı yerli təşkilata həvalə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR