Bərpa olunan enerji mənbələri hesabına elektrik istehsal edən aktiv istehlakçılar dəstəklənəcək

Bərpa olunan enerji mənbələri hesabına elektrik istehsal edən aktiv istehlakçılar dəstəklənəcək
# 30 sentyabr 2023 14:53 (UTC +04:00)

Nazirlər Kabineti “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”nın təsdiq edilməsi və aktiv istehlakçılar tərəfindən bərpa olunan enerji mənbələri hesabına istehsal edilən elektrik enerjisinin güc həddinin müəyyən edilməsi haqqında” qərar verib.

APA-nın xəbərinə görə, bu Qaydaların məqsədi aktiv istehlakçının elektrik stansiyası vasitəsilə bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin istehlakından artıq hissəsini əvəzləşdirmək məqsədilə elektrik təchizatı şəbəkəsinə ötürmək, habelə istehlak istehsaldan çox olduğu təqdirdə şəbəkədən elektrik enerjisi qəbul edə bilməsi ilə bağlı dəstəklənməsi mexanizminin tətbiqindən ibarətdir.

Bu Qaydalar elektrik enerjisi istehlakını tam və ya qismən təmin etmək məqsədilə bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsal edən aktiv istehlakçılara şamil edilir. Aktiv istehlakçının tikinti obyektinin güc həddi texniki şərtlərdə nəzərdə tutulan tələblərə əsasən müəyyənləşdirilir. Aktiv istehlakçının elektrik stansiyasının maksimal güc həddi aktiv istehlakçının tikinti obyektinin güc həddi ilə məhdudlaşdırılır.

Aktiv istehlakçıların vergiyə cəlb edilməsi, vergidən azad olması və onlara vergi güzəştlərinin tətbiqi ilə bağlı münasibətlər Vergi Məcəlləsinə uyğun olaraq tənzimlənir. Aktiv istehlakçı istehsal etdiyi elektrik enerjisi ilə bağlı birtipli alqı- satqı müqaviləsi əsasında yalnız enerji təchizatı müəssisəsi ilə hesablaşa və ya onu əvəzləşdirə bilər.

Aktiv istehlakçı və enerji təchizatı müəssisəsi arasında bu Qaydalarla tənzimlənməyən münasibətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” ilə tənzimlənir.

Aktiv istehlakçı elektrik enerjisini istehlak etməklə yanaşı, bərpa olunan enerji mənbələri hesabına gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla) elektrik enerjisi istehsal edən hüquqi və ya fiziki şəxsdir.

Bu Qaydalara əsasən aktiv istehlakçının dəstəklənməsi mexanizmi mərhələləri aşağıdakılardır:

- aktiv istehlakçının elektrik stansiyasının layihələndiril- məsi, tikintisi və quraşdırılması;

- tikinti obyektinin elektrik təchizatı şəbəkəsinə qoşulması;

- istehsal edilmiş elektrik enerjisinin istehlakdan artıq hissəsini əvəzləşdirmək məqsədilə elektrik təchizatı şəbəkəsinə ötürülməsi;

- aktiv istehlakçının istehlak etdiyi elektrik enerjisi istehsalından çox olduğu təqdirdə, elektrik təchizatı şəbəkəsindən aid olduğu istehlakçı qrupuna uyğun pərakəndə satış tarifi ilə elektrik enerjisinin alınması;

- elektrik enerjisinin ötürülməsi və alınması ilə bağlı aktiv istehlakçı ilə enerji təchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanılması;

- əvəzləşdirmə ilə bağlı yaranmış qalıq elektrik enerjisinin dəyərinin cari hesabat dövrü üçün müvafiq topdansatış tarifi ilə aktiv istehlakçıya ödənilməsi.

İstehlakçı aktiv istehlakçı qismində enerji təchizatı müəssisəsinə müraciət etdikdə qoşulma haqqı ödənilmədən mövcud qoşulmuş güc həcmində yeni texniki şərt alır.Aktiv istehlakçı ilə enerji təchizatı müəssisəsi arasında əvəzləşdirmənin və hesablaşmanın aparılması üçün qoşulma aktı tərtib edilir və bu Qaydaların 1 nömrəli əlavəsində qeyd edilən formada birtipli elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır.

Aktiv istehlakçı ilə enerji təchizatı müəssisəsi arasında əvəzləşdirmə və hesablaşma onların balans mənsubiyyəti sərhədində quraşdırılmış elektrik təchizatı şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən, məsafədən idarə olunan sayğacın göstəricilərinə əsasən aparılır. Aktiv istehlakçı öz vəsaiti hesabına sayğac quraşdırmalı və onu elektrik təchizatı şəbəkəsinə qoşmalıdır. Aktiv istehlakçı sayğacda yaranmış nasazlıqlar və onun qoşulma sxeminin pozulması barədə enerji təchizatı müəssisəsinə məlumat verməlidir. Enerji təchizatı müəssisəsinin təqsirindən sayğac zədələndikdə və ya qoşulma sxemi pozulduqda, bu halların aradan qaldırılması ilə bağlı təmir işləri enerji təchizatı müəssisəsinin vəsaiti hesabına yerinə yetirilir.

Əvəzləşdirmə aşağıdakı qaydada həyata keçirilir:

- aktiv istehlakçı tərəfindən hesabat dövründə enerji təchizatı şəbəkəsinə ötürülən elektrik enerjisi şəbəkədən alınan elektrik enerjisindən çox olarsa, hesabat dövrü əvvəlinə olan balans nəzərə alınmaqla aktiv istehlakçının balansı cari ayın bildirişində əks olunur;

- əvəzləşdirmə hər bir növbəti hesabat dövründə əvvəlki hesabat dövrünün balansı nəzərə alınmaqla hesabat ilinin sonuna qədər davam etdirilir;

- hesabat dövründə elektrik təchizatı şəbəkəsindən alınmış elektrik enerjisi şəbəkəyə ötürülmüş elektrik enerjisindən çox olduqda, aktiv istehlakçının balansı yaranmış fərqə uyğun olaraq azaldılır;

- növbəti hesabat dövründə əvvəlki hesabat dövrünün balansı nəzərə alınmaqla, elektrik təchizatı şəbəkəsinə ötürülən elektrik enerjisinin həcmi şəbəkədən alınan elektrik enerjisinin həcmindən az olarsa, balansın sıfırlanması təmin edilir.

Sayğacın göstəricisinin qeyd edilməsi və bildirişin yazılması enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir və bildiriş aktiv istehlakçıya təqdim edilir və ya aktiv istehlakçının təqdim etdiyi elektron poçt ünvanına və (və ya) mobil nömrəyə SMS-lə göndərilir.

Aktiv istehlakçı və enerji təchizatı müəssisəsi arasında hesablaşma aşağıdakı qaydada həyata keçirilir:

- hesabat dövründə elektrik təchizatı şəbəkəsindən alınmış elektrik enerjisi şəbəkəyə ötürülmüş elektrik enerjisindən çox olduqda və yaranmış fərqi əvəzləşdirmək üçün aktiv istehlakçının balansında kifayət qədər elektrik enerjisi olmadıqda, aktiv istehlakçının balansı yaranmış fərqə uyğun olaraq sıfırlanır və qalıq elektrik enerjisinin dəyəri özünün aid olduğu istehlakçı qrupuna uyğun cari hesabat dövrü üçün müvafiq pərakəndə satış tarifi ilə enerji təchizatı müəssisəsi tərəfindən bildiriş təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində ödənilir;

- əvəzləşdirmə hesabat ilinin sonunda yekunlaşdırılır. Aktiv istehlakçının balansı müsbət olduqda (hesabat ilinin sonunda elektrik təchizatı şəbəkəsinə ötürülən enerjinin həcmi elektrik təchizatı şəbəkəsindən alınan enerjinin həcmindən artıq olarsa) enerji təchizatı müəssisəsi qalıq elektrik enerjisinin dəyərini cari hesabat dövrü üçün müvafiq topdansatış tarifi ilə aktiv istehlakçının bank hesabına ödəyir.

- Hesabat ilinin sonunda yaranmış qalıq elektrik enerjisinin dəyəri enerji təchizatı müəssisəsi tərəfindən bildiriş təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində aktiv istehlakçının bank hesabına ödənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR