ABŞ-nin beynəlxalq konsaltinq şirkəti "McKinsey & Company" SOCAR-ın rəqəmsal transformasiya təcrübəsinə həsr olunmuş "How SOCAR transformed a fertilizer leader in Azerbaijan with industrial AI" ("SOCAR sənaye süni intellekti ilə Azərbaycanda gübrə istehsalı üzrə lider müəssisəni necə transformasiya etdi") adlı geniş məqalə dərc edib.
Məqalədə qeyd olunur ki, SOCAR 2035-ci il strategiyası çərçivəsində rəqəmsal transformasiyanı əsas inkişaf istiqamətlərindən biri kimi müəyyənləşdirib. Şirkət uzunmüddətli rəqabət qabiliyyətinin yalnız neft və qaz hasilatının artırılması hesabına təmin edilə bilməyəcəyini nəzərə alaraq, innovasiya və süni intellekt texnologiyalarına üstünlük verib.
Vurğulanır ki, transformasiya proqramı əvvəlcə SOCAR-ın Türkiyədəki iki müəssisəsində həyata keçirilib və bu layihələr 2020 və 2021-ci illərdə Dünya İqtisadi Forumunun (WEF) "Digital Lighthouse" mükafatına layiq görülüb. Daha sonra bu model Azərbaycanda tətbiq olunub və pilot müəssisə kimi ölkənin yeganə karbamid istehsalçısı olan SOCAR Carbamide seçilib.
SOCAR: Texnologiya deyil, yeni idarəetmə modeli qurduq
"Biz sadəcə texnologiya tətbiq etmədik. Məlumatların, süni intellektin və insanların vahid ekosistem kimi fəaliyyət göstərdiyi sistemli transformasiyaya əsaslanan yeni idarəetmə modeli qurduq", - SOCAR prezidenti Rövşən Nəcəf qeyd edib.
SOCAR-ın baş texnologiyalar direktoru Murad Abdullayev isə bildirib ki, şirkət hazır bazar həllərini tətbiq etməklə kifayətlənməyib:
"Biz təkcə sənayedə mövcud olan ən qabaqcıl həlləri tətbiq etmədik, eyni zamanda zavod əməkdaşlarının ehtiyaclarına uyğun öz daxili həllərimizi də hazırladıq".
42 süni intellekt həlli hazırlanıb
"McKinsey" yazır ki, SOCAR və şirkətin süni intellekt bölməsi "QuantumBlack" ilə birlikdə üç ildən az müddətdə müəssisə üçün 42 daxili rəqəmsal və süni intellekt həlli hazırlayıb.
Məqaləyə əsasən:
- EnergyAI platforması təbii qaz sərfiyyatını real vaxt rejimində optimallaşdıraraq qazdan istifadənin səmərəliliyini 24 faiz artırıb;
- Süni intellektə əsaslanan istehsalın optimallaşdırılması sistemi istehsal həcmini 21 faiz yüksəldib və məhsul itkilərini azaldıb;
- Proqnozlaşdırıcı texniki xidmət platforması və generativ süni intellekt köməkçisi isə planlaşdırılmamış texniki dayanmaləri 66 faiz azaldıb.
Məqalədə vurğulanır ki, bu həllər ayrı-ayrı pilot layihələr kimi deyil, vahid korporativ süni intellekt platforması çərçivəsində tətbiq olunub.
İşçilərin 70 faizi rəqəmsal bacarıqlar əldə edib
"McKinsey" qeyd edir ki, transformasiyanın əsas elementlərindən biri SOCAR Digital Academy layihəsi olub.
Məqaləyə görə, proqram çərçivəsində operatorlar, mühəndislər və rəhbər heyət rəqəmsal bacarıqlar üzrə təlim keçib, nəticədə 2,5 il ərzində müəssisə əməkdaşlarının təxminən 70 faizi yeni rəqəmsal səriştələr qazanıb, onların təşəbbüsü ilə 40-dan çox süni intellekt layihəsi hazırlanaraq tətbiq edilib.
"Digital Academy insanlara özünəinam verdi və onlar rəqəmsal texnologiyaları artıq kənardan gələn bir anlayış kimi qəbul etmədilər. Uğurlu tətbiqdən sonra biz bunu digər müəssisələrdə də tətbiq oluna biləcək modelə çevirdik", - SOCAR-ın İnsan Kapitalı və İnklüzivlik üzrə vitse-prezidenti Ziba Mustafayeva bildirib.
"Caspian AI Institute" yaradılıb
Məqalədə bildirilir ki, sonrakı mərhələdə SOCAR transformasiyanı təkcə bir zavodla məhdudlaşdırmayaraq "Caspian AI Institute" adlı regional süni intellekt mərkəzi yaradıb.
Hazırda institutda 60-dan çox süni intellekt və rəqəmsallaşma üzrə mütəxəssis çalışır. Burada 30-dan artıq AI məhsulu hazırlanıb, 15 patent əldə olunub və bu həllər SOCAR-ın müxtəlif müəssisələrində tətbiq edilir.
"Biz bir zavodun transformasiyasını milli sənaye potensialına çevirdik və Azərbaycanı sənaye süni intellekti sahəsində qabaqcıl ölkələr sırasında mövqeləndirdik", - SOCAR-ın Baş Məlumat Direktoru Azad Hüseynov bildirib.
SOCAR Carbamide Dünya İqtisadi Forumunun "Global Lighthouse" şəbəkəsinə daxil edilib
"McKinsey" yazır ki, 2026-cı ilin yanvarında Dünya İqtisadi Forumu "SOCAR Carbamide" müəssisəsini "Global Lighthouse Network" şəbəkəsinə qəbul edib.
Məqalədə vurğulanır ki, bu, Azərbaycan və bütövlükdə Mərkəzi Asiya regionu üçün ilk "Lighthouse" statusudur. Eyni zamanda, "SOCAR Carbamide" dünyada bu statusu alan ilk karbamid gübrəsi istehsalı müəssisəsi olub.
"Qlobal rəqabət qabiliyyətini qorumaq üçün müəssisələrin necə işlədiyini yenidən düşünməli idik. Rəqəmsal transformasiya bizi yaxşı nəticələrdən qlobal liderliyə aparan əsas alət oldu", - SOCAR-ın Emal və Neft-Kimya Kompleksi üzrə vitse-prezidenti Anar Məmmədov bildirib.
İstehsalın 90 faizi ixrac olunur
McKinsey qeyd edir ki, hazırda SOCAR Carbamide istehsal etdiyi məhsulun 90 faizini ixrac edir, Azərbaycanın azot gübrəsinə olan daxili tələbatını tam ödəyir və qeyri-neft ixracının artmasına mühüm töhfə verir.
Məqalədə yekun olaraq bildirilir ki, SOCAR Carbamide artıq yalnız gübrə istehsalçısı deyil, həm də sənaye süni intellekti sahəsində qlobal nümunələrdən biri hesab olunur və bu transformasiya yerli kadrlar, güclü liderlik və qlobal baxış sayəsində Azərbaycanda həyata keçirilib.