Naxçıvan Muxtar Respublikası ərazisində Birləşmiş Ərəb Əmirliklərinin şirkəti ilə yaradılmış birgə müəssisə vasitəsilə mis yataqlarının kəşfiyyatı aparılır.
“APA-Economics” xəbər verir ki, bu barədə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Bakıda keçirilən Azərbaycan–İtaliya Biznes Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, həmçinin Daşkəsən dəmir filizi layihəsi çərçivəsində İtaliyanın “Tenova” şirkəti və “SACE” maliyyə qurumu ilə əməkdaşlıq aparılır.
O bildirib ki, bu əməkdaşlıq müasir texnologiyaların və beynəlxalq maliyyə alətlərinin birləşdirilməsini təmin edir:
“Bu nümunə İtaliya ilə tərəfdaşlığın artıq real nəticələrə çevrildiyini göstərir. Azərbaycan italyan şirkətlərinə ölkədə yalnız yataqlara çıxış deyil, həm də birgə dəyər yaradılması, emal, texnologiya və məhsulun son mərhələsinədək uzanan istehsal zəncirində əməkdaşlıq imkanları təklif edir”
“AzerGold”un İdarə Heyətinin sədri italyan tərəfdaşları bu istiqamətlərdə birgə işləməyə dəvət edib.