Bakı. Əli Əhmədov – APA-Economics. “Azərikimya” İstehsalat Birliyinin müasir informasiya texnologiyaları üzrə yenidən işlənərək istifadə üçün daha çevik və dinamik hala gətirilmiş internet saytının təqdimat mərasimi keçirilib. “APA-Economics”in məlumatına görə, təqdimat mərasimində çıxış edən “Azərikimya” İstehsalat Birliyinin icraçı direktorunun müavini Xalıq Mustafayev deyib ki, “Azərikimya” İB öz internet saytının yeni, daha böyük imkanlara malik variantının hazırlanmasını artıq üçüncü ildir sıx əməkdaşlıq etdiyi Qafqaz Universitetinin müəllim və tələbə heyətinə etibar edib.
Sonra Qafqaz Universitetinin müəllimi, İKT elmi-tədqiqat mərkəzinin rəhbəri Xəyyam Məsiyev gənc və istedadlı yaradıcı qrup tərəfindən “Azərikimya” İstehsalat Birliyinin yeni internet saytının yaradılması prosesində görülən işlər və onun texniki üstünlükləri barədə ətraflı məlumat verib. Qafqaz Universitetinin rektoru Ahmet Saniç də çıxışında universitetlə “Azərikimya” İstehsalat Birliyinin qarşılıqlı faydalı əməkdaşlığından geniş söhbət açaraq bu əlaqələrin yeni perspektivlər vəd etdiyini bildirib.
“Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev isə çıxışında vurğulayıb ki, bu gün internetin və informasiya texnologiyalarının daim təkmilləşməsi hər bir internet istifadəçisinin dünyanın elmi-texniki yenilikləri, baş verən siyasi hadisələr, iqtisadiyyatın bu və ya digər sahəsində qazanılmış nailiyyətlər və s. haqqında geniş və hərtərəfli məlumat almasına imkan verir.