Bakı. Anaxanım Hidayətova - APA-Economics. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Rusiyanın “Qazprom” şirkətinin qaz satışının azalacağını proqnozlaşdırır.
“APA-Economics”in agentliyin saytına istinadən xəbərinə görə, “Qazprom”un əsas bazarı olan Avropada zəif iqtisadi konyunkturanın qaza olan tələbatı aşağı salacağı bildirilir.
Ötən il Rusiya qazının satışına dair məlumatlar “Qazprom”un Avropada və keçmiş SSRİ ölkələrindəki satışının “Fitch Ratings”in proqnozundan bir qədər çox aşağı düşdüyünü göstərib. Buna səbəb Avropanın bəzi qaz istehlakçıları tərəfindən şirkətə qarşı açılan məhkəmə davaları, eləcə də qazın qiymətinə yenidən baxılması üzrə danışıqlar və kompensasiya ödənişləridir.
Agentliyin fikrincə, “Qazprom” alternativ qaz mənbələrinə malik ola biləcək avropalı istehlakçılarla qazın qiymətinin aşağı salınmasına dair danışıqları davam etdirəcək. Əks halda, şirkətin Avropadakı mövqeləri zəifləyəcək.