Bakı – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan «Air Product» şirkətinin prezidenti və baş icraçı direktoru Con MakQleydin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
«APA-Economics»in məlumatına görə, görüşdə rəhbərlik etdiyi şirkət haqqında ARDNŞ prezidentinə məlumat verən C.MakQleyd qeyd edib ki, dünya üzrə 40-dan çox müəssisəyə və 10 mlrd. dollardan artıq dövriyyə kapitalına malik olan «Air Product» şirkəti sənaye qazları və təbii maye qaz istehsalı, habelə neft emalı və neft-kimya müəssisələri üçün avadanlıqlar istehsalı sahəsində 20 ildən artıq təcrübəyə malikdir. ARDNŞ-in artıq dünyada tanınmış şirkətlərdən olduğunu və neft-qaz sənayesinin müxtəlif sahələrində nəhəng layihələr həyata keçirdiyini söyləyən qonaq belə bir şirkətlə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.
R.Abdullayev ARDNŞ-in ölkə daxilində və Türkiyədə həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verərək Bakıda tikintisi başa çatmaqda olan gəmiqayırma zavodu, Sumqayıtda azot gübrəsi zavodu, İzmirdə neft emalı zavodu, «Petkim» limanının genişləndirilməsi, orada inşa olunacaq elektrik stansiyası və digər layihələr haqqında danışıb. O, yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsi üzərində xüsusi dayanaraq qeyd edib ki, bu, qarşıdakı illər üçün yalnız ARDNŞ-in deyil, bütün Azərbaycan iqtisadiyyatının ən böyük layihəsidir: «Yaxın 5 ildə ARDNŞ və tərəfdaşlarının qarşısında çox böyük və məsul vəzifələr durur».
ARDNŞ-in eyni vaxtda bir neçə nəhəng layihələr üzərində çalışdığını vurğulayan «Air Product» şirkətinin prezidenti C.MakQleyd təmsil etdiyi şirkətin malik olduğu təcrübə və texnologiyalardan istifadə etməklə bu böyük işə töhfə vermək niyyətində olduqlarını söyləyib.
Görüşdə Azərbaycanda, eləcə də Türkiyə və digər xarici ölkələrdə ARDNŞ tərəfindən həyata keçirilən layihələrdə sənaye qazları, o cümlədən, hidrogen, azot, oksigen və s. istehsalı üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.