Bakı. Əli Əhmədov – APA-Economics. «Azərenerji» ASC-də yeni generasiya güclərinin yaradılması və mövcud olanların gücünün artırılması istiqamətində tədbirlər davam etdirilir.
ASC-nin mətbuat xidmətindən «APA-Ecnomics»ə verilən məlumata görə, ötən il ərzində həyata keçirilən ən mühüm tədbirlərdən biri 2011-ci il sentyabrın 21-də təməli qoyulmuş «Şimal» DRES-də 409 MVt gücündə ikinci buxar-qaz qurğusunun tikintisi – «Şimal-2» layihəsinin icrasının daha da sürətləndirilməsi olub: «Bu layihənin reallaşdırılması ilə Bakı şəhəri, Bakıətrafı kəndlər, Abşeron yarımadası, ümumilikdə isə enerji sisteminin dayanıqlığı daha da artırılmış olacaq». Artıq stansiyanın ərazisində özül işləri tamamlanmaq üzrədir. Dənizdən soyuducu suyun cəlb olunması məqsədilə inşa edilən kanalın tikintisi də aparılır. Stansiyada istismarı nəzərdə tutulan bütün zəruri avadanlıqlar əraziyə gətirilib.
Mühüm əhəmiyyəti ilə seçilən hadisələrdən biri də Füzuli rayonunun vaxtilə işğal altında olmuş ərazisində ötən il dekabrın 15-də 25 MVt gücündə «Füzuli» Su Elektrik Stansiyasının istismara buraxılması olub. Bu stansiya rayonun enerjiyə olan tələbatının müəyyən bir hissəsini təmin edəcək.
Dekabrın 20-də isə şimal bölgəsində - Qusar rayonu ərazisində «Urva-1» kiçik su elektrik stansiyasının açılışı olub. Belə ki, 1 MVt gücündə olan bu stansiyada istehsal olunan enerji sistemə ötürülməklə yaxınlıqda yerləşən bir sıra yaşayış məntəqələrinin enerji təchizatının yaxşılaşdırılmasına köməklik göstərəcək.
Son illər inşa olunmuş güc mərkəzləri arasında nəhəngliyi ilə seçilən, gücü 780 MVt olan «Cənub» Elektrik Stansiyasında isə tikinti işləri yekunlaşmaqdadır. Hazırda işlər sınaq-sazlama mərhələsindədir. Yaxın zamanlarda stansiyanın istismara verilməsi nəzərdə tutulur. Bu stansiyanın işə buraxılması ümumi enerji sistemi üzrə mövcud potensialın daha da yüksəlməsinə əhəmiyyətli təsir göstərəcək.
Su elektrik stansiyalarının potensialının yaxşılaşdırılması istiqamətində də zəruri tədbirlər reallaşdırılır. Bu işlər əsasən qərb bölgəsində yerləşən 400 MVt gücündə «Mingəçevir» və 16,5 MVt-lıq «Varvara» SES-lərdə aparılır.