Bakı – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ilə Bakıda səfərdə olan Noveçin «Statoil» şirkətinin icraçı vitse-prezidenti Lars Kristian Bakerin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
«APA-Economics»in məlumatına görə, görüşdə ARDNŞ ilə «Statoil» şirkəti arasında səmərəli əməkdaşlığın artıq 20 il davam etdiyini vurğulayan R.Abdullayev bu münasibətlərin qarşıdakı illərdə də uğurla davam edəcəyinə inandığını söyləyib.
R.Abdullayev qeyd edib ki, 2013-cü il bir çox layihələr üzrə iki şirkət arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. O, «Şahdəniz» yatağının işlənilməsi layihəsinin birinci və ikinci fazaları üzrə işlərin durumu haqqında qonaqlara məlumat verərək, hazırda Xəzərin Azərbaycan sektorunda hasil olunan təbii qazın Avropaya nəqlini nəzərdə tutan «Cənub dəhlizi» layihəsi çərçivəsində təklif olunan marşrutların nəzərdən keçirildiyini vurğulayıb.
«Statoil»un icraçı vitse-prezidenti isə Norveç şirkətin iştirak etdiyi «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» layihələri çərçivəsində aparılan işlərdə mühüm irəliləyiş əldə edildiyini söyləyib. Qonaq əmin olduğunu bildirib ki, 2013-cü il və sonrakı illər həm bu layihələrin, həm də ARDNŞ-in Azərbaycanda, eləcə də xaricdə həyata keçirdiyi digər enerji layihələrinin inkişafı baxımından dinamik keçəcək, uğurlu olacaq. O, həmçinin, «Statoil»un Azərbaycandakı fəaliyyətinin daha da genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.