Gürcüstan. Nizami Məmmədzadə - APA. 2014-cü ildə tikintisinə başlanacaq Karbamid zavodu Azərbaycanın Gürcüstanda ən böyük investisiya yatıracağı obyekt olacaq.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Ermənistanla sərhəddə yerləşən Sadaxlı kəndində jurnalistlərə açıqlama verən ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda da belə bir böyük zavodun tikintisinə başlanılıb və istismardan sonra qazdan gübrə alınacaq: “Gürcüstanda Qara dəniz yaxınlığında olan Kulevi limanında da belə bir layihə həyata keçirmək istəyirik. Texniki tərəfdən işlər başa çatdırılıb və bu layihənin təqdimatını da Gürcüstan hökuməti ilə birgə həyata keçirmişik. Artıq ikinci mərhələdə layihələndirmə işləri başlayıb və 2014-cü ildə layihə işləri uğurla başa çatsa, biz zavodun tikintisinə başlayacağıq. Bu da Gürcüstanda ən böyük investisiya tutumlu layihələrdən biridir. Tikinti dövründə 3500-4000 işçi qüvvəsinin çalışdığı yeni iş yerləri açılacaq, zavodun istismar vaxtı isə 700-800 nəfər daimi işlə təmin olunacaq”.
R.Abdullayev qeyd edib ki, zavodun tikintisinə 1 mlrd. dollara yaxın investisiya yatırılıb: “Bu, Azərbaycan iqtisadiyyatı tarixində Gürcüstana yatırılan ən böyük investisiya olacaq. Ümumiyyətlə, ARDNŞ Gürcüstana ən çox investisiya qoyan böyük şirkətdir. Məqsədimiz Gürcüstan-Azərbaycan dostluğunu möhkəmləndirmək, Gürcüstanda yaşayan soydaşlarımızın rifahını yaxşılaşdırmaqdır.”