Bakı – APA-Economics. Yanvarın 24-də Davosda Dünya İqtisadi Forumunun “Neft və qaz idarəçilərinin toplantısı” mövzusunda sessiyası keçirilib.
“APA-Economics”in məlumatına görə, sessiyada Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.
Dünyada neft və qaz sahəsində tanınmış mütəxəssislərin iştirak etdiyi sessiyada prezident İlham Əliyev Azərbaycanın neft-qaz sektorunda kibertəhlükəsizliyin və ümumilikdə təhlükəsizliyin təmin olunması mövzusunda çıxış edib.
Dövlət başçısı uzun illərdir Azərbaycanın qlobal enerji layihələrində iştirakına diqqət çəkərək ölkənin bu sahədə qazandığı uğurlardan danışıb. Prezident İ. Əliyev Azərbaycanda bu sahədə təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu bildirib və uzun illərdir ölkədə bununla bağlı hər hansı problemin yaranmadığını diqqətə çatdırıb.
Azərbaycanın regional enerji təhlükəsizlik sistemində xüsusi rol oynadığını vurğulayan dövlət başçısı bu sahədə ölkədə görülən işlərdən, bütövlükdə gələcəkdə həyata keçiriləcək tədbirlərdən danışıb.