Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti (NK) «Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları»nı təsdiq edib. APA-nın NK-nın rəsmi saytına istinadən xəbərinə görə, qaydalar Gömrük Məcəlləsinə əsasən hazırlanıb.
Qaydalara əsasən, gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən malların gömrük rəsmiləşdirilməsi bəyannaməsinin gömrük orqanına gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə təqdim etdiyi vaxtdan başlanır. Gömrük bəyannaməsi və gömrük məqsədləri üçün lazım olan digər sənədlər və məlumatlar elektron və ya kağız üzərində yazılı formada gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına təqdim olunur.
Gömrük orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verildiyi vaxt olmadıqda və gömrük bəyannaməsi verildiyi vaxt malın miqdarını, keyfiyyətini və dəyərini müəyyənləşdirmək mümkün olmadıqda natamam bəyannamə təqdim edilir. Natamam bəyannamədə gömrük məqsədləri üçün lazım olan əsas məlumatlar göstərilir. Çatışmayan məlumatlar bəyannaməsi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə təqdim edilir.
Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallar üzrə qısa idxal (ixrac) bəyannaməsi onların göndərilmə rübündən əvvəlki ay ərzində gömrük orqanlarına təqdim olunur. Həcmindən asılı olmayaraq bir təqvim ayı ərzində bir müqavilə üzrə keçirilən elektrik enerjisi bir gömrük bəyannaməsi ilə bəyan edilir.
Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallara eyniləşdirilmə vasitələri tətbiq olunmur. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən malların miqdarı, keyfiyyəti və digər xüsusiyyətləri müvafiq sənədlərdə olan məlumatlar və ölçü cihazlarının göstəriciləri üzrə aparılan uçot məlumatları əsasında gömrük orqanları tərəfindən müəyyənləşdirilir.