«APA-Economics»in «New Europe» qəzetinə istinadən məlumatına görə, rəsmi Vaşinqton və Brüsselin bununla bağlı narahatlıqları DEPA və DESFA qaz operatorunun özəlləşdirilməsinə əngəllər yaratmağa başlayıb. Qərb Rusiyanın DEPA-nı özəlləşdirməklə Avropanın qaz bazarındakı inhisarçılığını daha da gücləndirəcəyindən narahatdır.
Qəzetin məlumatına görə, yanvarın 9-da Yunanıstan Dövlət Aktivlərinin İnkişaf Fondunun kollegiyası 35 özəlləşdirmə layihəsini müzakirə etməyə hazırlaşır. Bu iclasda DEPA-nın 100% və DESFA-nın 65%-nin satışı məsələsi də müzakirə edilə bilər.
Bununla yanaşı, bəzi ekspertlər özəlləşdirmə ilə bağlı məsələyə iqtisadi amillərdən çox siyasi amillərin təsir etdiyini bildirir. Afina Təhlükəsizlik və Müdafiə Təhlilləri İnstitutunda təhlükəsizlik və enerji məsələləri üzrə analitik İoannis Miçaletos bildirib ki, məsələ daha çox siyasi xarakter daşıyır: «Yunanıstan hökumətinin hazırkı müxtəlif və ehtimal edilən mənbələri göstərir ki, DEPA üzrə təkliflər təxirə salına bilər və ya başqa əsas özəlləşdirilmələrdən sonra baxıla bilər».
Yunanıstan hökuməti DEPA və DESFA-nın səhmlərinin satışını 2013-cü ildə həyata keçirəcəyinə ümid edir.
Qeyd edək ki, DEPA və DESFA üçün qeyri-tender təklifləri Rusiyanın «Qazprom» şirkətindən, törəmə şirkəti «Negusneft» vasitəsilə iştirak edən «Sintez Qrup» enerji şirkətindən, Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ), həmçinin «M&M GasCo», «Mytilineos Holdings», «Motor Oil Hellas Corinth Refineries» şirkətlərindən daxil olub.
İ.Miçaletos bildirib ki, DEPA-nın Rusiyanın əlinə keçməməsi üçün Vaşinqtonun Afinanı ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar vasitəsi ilə xəbərdar etdiyi bir zamanda «Qazprom» və «Negusneft» geosiyasi səbəblərə görə qiyməti dəfələrlə artırıblar.
Qəzet yazır ki, Yunanıstanın baş naziri Antonis Samaras Moskva və Vaşinqton səfərləri zamanı ölkəsinin enerji məsələlərinə diqqət yönəldəcəyi gözlənilir. Hələlik bu səfərlərin dəqiq tarixi məlum deyil.
Avropa Komissiyası da Avropanın Rusiya qazına olan asılılığından narahat olduğunu ifadə edib. Sentyabrda Avropa Komissiyası «Qazprom»un anti-rəqabət bazar təcrübəsinin tədqiqatına rəsmən başladığını elan edib.
Yanvarın 4-də TAIPED (Dövlət Aktivlərinin İnkişaf Fondu) rəhbərliyindən «New Europe»ya bildirilib ki, Yunanıstanın təbii qaz əməliyyatlarını ələ keçirən investorlar tam olaraq AB-nin Üçüncü Enerji paketinə uyğun olmalıdır.
Bundan başqa, «Negusneft» Yunanıstanı təbii qazla təchiz etmir. Belə ki, onun vəziyyəti «Qazprom»un vəziyyətindən fərqlidir. Bu şirkətə Vladimir Putinlə və Kremllə konfliktdə olan Rusiya maqnatı Leonid Lebedev nəzarət edir. Bu səbəbdən, «Sintez»-«Negusneft»in DEPA və DESFA-da marağı «Qazprom»un maraqları ilə iqtisadi və siyasi cəhətdən toqquşur.
ARDNŞ-a gəldikdə isə, əgər Azərbaycan qazını Yunanıstan və Albaniyadan keçməklə İtaliyaya nəql edəcək TAP layihəsi seçilərsə, rəsmi Bakının DEPA və DESFA-ya olan maraqları artacaq.
DEPA-nın özəlləşdirilməsi Kiprdə və İsraildə olan qaz yataqlarının kəşfinin ümumi geosiyasi konteksti, Kritin cənubunda karbohidrogen ehtiyatlarının tədqiqatı, Şərqi Aralıq Dənizi Enerji Dəhlizinin və Cənub Qaz Dəhlizinin təsiri altındadır.
Analitiklər bildirirlər ki, «Qazprom» sadəcə kiçik yunan qaz bazarında maraqlı deyil və istəyir ki, Xəzər regionu, İsrail və Kiprdən Avropaya axan təbii qaza da nəzarət etsin. Eyni zamanda, Yunanıstan Ukrayna-Rusiya qaz böhranına oxşar vəziyyətdən qaçmaq istəyir. Bəzi məlumatlara görə, «Qazprom» DEPA-ya görə 1 mlrd. avro ödəməyə hazırdır.