Bank Of Baku

Bolqarıstanda “Nabucco” konsorsiumunun Siyasi Komitəsinin iclası keçirilir

Bolqarıstanda “Nabucco” konsorsiumunun Siyasi Komitəsinin iclası keçirilir
# 10 yanvar 2013 13:34 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA-Economics. Bu ilin ortalarında Bolqarıstan “Nabucco” qaz kəməri layihəsini öz ərazisində reallaşdırmağa hazır olacaq.

 

APA-Economics”in Bolqarıstan KİV-nə istinadən xəbərinə görə, bunu Bolqarıstanın baş naziri Boyko Borisov “Nabucco” konsorsiumunun Siyasi Komitəsinin builki ilk görüşündə bildirib.

 

Onun sözlərinə görə, “Nabucco” enerji mənbələrinin diversifikasiyası üçün real alternativdir və Avropa Komissiyası bu layihənin həyata keçirilməsində maraqlıdır.

 

Qeyd edək ki, “Nabucco” konsorsiumunun Siyasi Komitəsinin builki görüşü Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Delyan Dobrevin sədrliyi ilə keçirilir. Toplantıda Avstriya, Macarıstan, Rumıniya, Türkiyə təmsilçiləri, eləcə də Beynəlxalq Valyuta Fondu, Avropa Komissiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankının nümayəndələri iştirak edir.

 

Xatırladaq ki, “Nabucco” qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan “Nabucco Gas Pipeline İnternational GmbH.” konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), “Transgaz” (Rumıniya), “Bulgargaz” (Bolqarıstan), “BOTAŞ” (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.


Tikintisinə 2013-cü ildə başlanması planlaşdırılan “Nabucco” qaz kəmərinin 2017-ci ildə hazır olması gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazının da daşınması nəzərdə tutulur. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.


İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 900 km olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR