Bakı - APA. Fevralın 13-də Böyük Britaniya parlamentində “Avropa enerji təhlükəsizliyinin təminatı: Azərbaycan və Türkiyənin rolu” adlı konfrans keçiriləcək.
APA_nın xəbərinə görə, tədbir ASAIF (Xaricdə təhsil alan və məzun olmuş tələbələrin Beynəlxalq Forumu) Network of Students (NOS) tərəfindən təşkil olunacaq.
Konfrans Avropa enerji təhlükəsizliyin əsas elementlərini, Azərbaycanın qaz ixracatçısı, Avropa Birliyinin qaz idxalatçısı və bazarı, Türkiyənin isə tranzit ölkə kimi rollarından bəhs edəcək və bu iki ölkə ilə Avropa arasındakı əməkdaşlığa xüsusi diqqət yetiriləcək. Xüsusilə TANAP layihəsinin ideyası, uğuru, hazırkı vəziyyəti və həm region, həm də Avropa üçün gözləniləcək dəyişikliklərdən bəhs olunacaq.
Konfransda Eric Joyce (Böyük Britaniyanın millət vəkili), Yaşar Yakış (Türkiyənin sabiq xarici işlər naziri, BMT-nin Avstriya, Misir və Səudiyyə Ərəbistan üzrə sabiq səfiri, millət vəkili), Fəxrəddin Qurbanov (Azərbaycanın Böyük Britaniyadakı səfiri) və Rövşən İbrahimovun (SAM-ın Xarici siyasətin analizi şöbəsinin müdiri) çıxışları gözlənilir.
Mehmet Öğütçü (Türkiyə baş nazirinin sabiq müşaviri, sabiq OECD sədri, BP baş məsləhətçisi, “Global Resources Corporation”ın sədri), Rüfət Əfəndiyev (ARDNŞ-ın Böyük Britaniya ofisinin sədri), Ceyhun Osmanlı (Azərbaycan millət vəkili), Orxan Əkbərov (Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri), Rüfət Əzizov (UNIMETAL-ın icraçı direktoru) kimi qonaqların, eləcə də Almaniya, Fransa, Litva və bir çox digər ölkələrdə təhsil alan ASAIF-çilərin və xarici tələbələrin qatılacağı konfransda 150 nəfərdən çox iştirakçı olacağı bildirilir.