Bakı – APA-Economics. Davosda (İsveçrə) keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən rəsmi qəbul təşkil edilib. ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ənənəvi olaraq keçirilən builki qəbulda «SOCAR - Energy of Azerbaijan» adlı təqdimat mərasimi təşkil olunub. Giriş sözü ilə tədbiri açan ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycan dövlətinin nailiyyətləri, xüsusən SOCAR-ın uğurları barədə məlumat verib. O, bildirib ki, Azərbaycanda ictimai həyatın bütün sahələrində geniş vüsət alan davamlı inkişaf insan kapitalı və həyat keyfiyyətinin durmadan yüksəldilməsi üçün zəmin yaradır. ARDNŞ da bu inkişaf proseslərində yaxından iştirak edir.
Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ottinger çıxışında Nobel qardaşlarının Bakıdakı fəaliyyətini xatırladaraq Avropa ilə Azərbaycan arasında əlaqələrin onların xoş niyyətli fəaliyyətləri sayəsində yarandığını və bu sahədə ARDNŞ-in uğurlarını xüsusi qeyd edib.
Tədbir çərçivəsində iki memorandum imzalanıb. ARDNŞ və İsveçrənin «Migros» şirkəti arasında anlaşma memorandumunu R.Abdullayev və «Migros»un Direktorlar Şurasının sədri Herbert Bolliger imzalayıb. Tərəflər İsveçrənin yanacaq bazarında əməkdaşlığın daha da dərinləşdirilməsi, investisiya bazarının imkanlarının öyrənilməsi istiqamətində birgə işi davam etdirmək barədə razılığa gəliblər. Azərbaycan Dövlət Neft Fondu və Beynəlxalq Maliyyə Korporasiyası arasında imzalanmış memorandum isə özəl sektor sahəsində əməkdaşlığı və dünyanın inkişaf etməkdə olan bazarlarına özəl investisiyaların genişləndirilməsini nəzərdə tutur.
Qəbul zamanı «Azərbaycan - gələcəyin ölkəsidir» adlı sənədli film nümayiş olunub. Tədbirdə bir sıra dövlətlərin rəsmi şəxsləri, nüfuzlu beynəlxalq təşkilatların və işgüzar dairələrin nümayəndələri iştirak ediblər.